CƏMİYYƏT
Bu il əlillər 11,1 min protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin ediliblər
Bakı, 20 iyun, AZƏRTAC
Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 4061 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Onların 535 nəfərini ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olanlar təşkil edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ilin beş ayında əlilliyi olan şəxslərə ehtiyaclarına uyğun olaraq 452 aşağı və yuxarı ətraf, habelə döş protezi, 559 yuxarı və aşağı ətraf ortezi, 2993 müxtəlif reabilitasiya vasitəsi, 169 bel və boyun nahiyəsi üçün korset, 345 cüt protez ayaqqabı, 1719 cüt ortopedik ayaqqabı, 445 dördayaqlı dayaq vasitəsi verilib. Həmin təbəqədən olanlar, həmçinin 500-dək əlil arabası, 370 cüt qoltuqaltı və 550 cüt dirsəkaltı ağac, 1094 əsa və s. ilə təmin ediliblər. Əlilliyi olan şəxslərə məxsus 265 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat isə təmir edilərək yenidən onların istifadəsinə verilib.
Ümumilikdə bu ilin beş ayı ərzində əlilliyi olan şəxslər 11,1 min protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunublar.
Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində həmin dövrdə 271 nəfər əlilliyi olan şəxsə stasionar şəraitdə reabilitasiya xidmətləri (protezləşməyə hazırlanma və ya protezlə hərəkət edilmənin öyrədilməsi, onurğa sütunu zədələnmiş spinal əlilliyi olanların, skoliozlu uşaqların reabilitasiyası və s.) göstərilib.