REGİONLAR
Bu il ərzində muxtar respublikada 282 hektar sahədə meşəsalma, meşəbərpa işləri aparılıb
Naxçıvan, 29 iyul, AZƏRTAC
Bu ilin yaz əkini mövsümündə muxtar respublika ərazisində nazirlik, idarə və müəssisələr, rayon, şəhər İcra hakimiyyətləri və vətəndaşlar tərəfindən, ümumilikdə, 282 hektar sahədə meşəsalma, meşəbərpa işləri aparılıb, yeni meyvə bağları salınıb. Aparılan əkin işlərində, ümumilikdə, 206 min 560 meyvə, meşə, həmişəyaşıl, üzüm tingi, bəzək və gül kolları əkilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində cari ilin birinci yarısının yekunlarına dair keçirilən kollegiya iclasında səsləndirilib.
İclasda nazir Mayis Əliyev məruzə ilə çıxış edərək qeyd edib ki, torpaq-iqlim şəraitinə uyğunlaşması, mürəkkəb relyefli ərazilərdə səmərəliliyi əsas götürülərək müəyyən sahələrdə 120 hektarda toxumla əkin aparılıb, 687 kiloqram həmərsin, yemişan, badamça, iydə toxumları əkilib.
Diqqətə çatdırılıb ki, muxtar respublika ərazisində yaz mövsümündə 10 hektarı üzüm olmaqla, 88 hektar sahədə meyvə bağı, yaşıllıq zolaqları salınıb.
Bildirilib ki, muxtar respublika ərazisində aparılan yaşıllaşdırma tədbirlərində meşə və meyvə tinglərinə, həmişəyaşıl ağaclara olan tələbatın davamlı təmin edilməsi məqsədilə 2,5 hektardan çox ərazidə toxum səpini və qələm kökləndirmə işləri icra olunub, 40 min üzüm, 15 min iydə qələmləri əkilib. Mövsüm ərzində bərpa işlərinin aparılması məqsədilə 5 mindən çox dibçəkdə ting yetişdirilib. Dövlət Meşə Fondu torpaqlarında və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində 2 min 471 ədəd müxtəlif cır meyvə ağaclarına calaq vurulub.
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu ilə birgə hazırlanmış tədbirlər planı çərçivəsində “Ekoloji könüllülər” layihəsinə start verilib.
Kollegiya iclası məruzə ətrafında çıxışlarla davam edib.