CƏMİYYƏT
Bu il gömrük orqanları tərəfindən 1 tondan çox narkotik vasitə aşkarlanıb
Bakı, 19 noyabr, Elvin Camalov, AZƏRTAC
Bu il gömrük orqanları tərəfindən 1 tondan çox narkotik vasitə aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının Bakıda keçirilən 53-cü sessiyasında deyib.
O bildirib ki, Azərbaycan gömrük xidməti narkotiklərin qanunsuz dövriyyəsi istiqamətində mühüm addımlar atır. Belə ki, gömrük xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin fiskal siyasətini uğurla həyata keçirir, onun quru, hava və dəniz yollarında iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur. Dövlət Gömrük Komitəsi, eyni zamanda, hüquq-mühafizə orqanı olaraq qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.
S.Mehdiyev qeyd edib ki, qaçaqmalçılığa qarşı mübarizə sahəsində köklü dəyişikliklər aparılması nəticəsində yüksək göstəricilər əldə olunub. Gömrük xidmətində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi məqsədilə hədəflərin idarə olunması sistemi və mobil qruplar yaradılıb, bu işə bacarıqlı və bilikli kadrlar cəlb olunub, müasir texnika və avadanlıqlarla təchiz edilib. Məhz bununla əlaqədar olaraq, 2018-ci il ərzində gömrük orqanları tərəfindən 1 ton 178 kiloqram narkotik vasitə, psixotrop maddə və onların prekursorları aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.