İQTİSADİYYAT
Bu il ilk dəfə 60 min abonentə mərkəzləşdirilmiş qaydada içməli su verilib
Bakı, 30 dekabr, AZƏRTAC
Yanvar-noyabr aylarında “Azərsu” ASC üzrə abonentlərin sayı 59 min artaraq 1 milyon 742 minə çatıb.
Bu barədə AZƏRTAC-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəisi Anar Cəbrayıllı deyib.
O bildirib ki, dövr ərzində dövlət büdcəsi və daxili imkanlar hesabına 605 kilometr içməli su, 195 kilometr tullantı su xətləri inşa edilib, 6 anbar, 1 ədəd su, 4 ədəd kanalizasiya nasos stansiyası, 11 ədəd subartezian quyusu, 100 mindən artıq sayğac quraşdırılıb.
Anar Cəbrayıllı əlavə edib ki, 60 min abonent ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunub, 53 min abonentin su təchizatı fasiləsiz rejimə keçirilib: “Hazırda Bakı şəhəri üzrə 81,8 faiz, ölkə üzrə isə 78,8 faiz abonent 24 saat fasiləsiz su ilə təmin olunur”.