CƏMİYYƏT


Bu il meşə fondu torpaqlarında 14 min 30 hektar ərazidə müxtəlifcinsli ağaclar əkiləcək

Bakı, 7 mart, AZƏRTAC 

Bu il meşə fondu torpaqlarında 14 min 30 hektar ərazidə müxtəlifcinsli ağaclar əkiləcək. Yaz əkinləri mövsümündə 81 hektar ərazidə əkin işləri başa çatıb. Bu mövsüm ərzində, ümumilikdə, 400 hektar ərazidə tinglərin əkilməsi nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev martın 7-də keçirilən mətbuat konfransında deyib.

“Dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə ötən il payız ağacəkmə mövsümündə “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə keçirilən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə meşə və qeyri-meşə fondu ərazilərində 1,3 milyona yaxın iqlimə və relyef şəraitinə uyğun müxtəlifcinsli ağac əkilib. “Hər ailə ağac əksin”, “Bir şagird bir ağac əksin və qorusun” devizləri altında keçirilən aksiyalar zamanı isə vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara, təşkilatlara təmənnasız olaraq 167 min müxtəlifcinsli ağac tingi, respublikamızda baramaçılığın inkişafı məqsədilə isə 1,7 milyona yaxın tut tingi paylanılıb.

Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş və təhlükə yaradan ağacların yerinə yenisinin əkilməsi məqsədilə, ümumilikdə, 320 qurumuş və təhlükə yaradan ağac yenisi ilə əvəzlənib, ərazidəki boş sahələrə 5000-ə yaxın müxtəlifcinsli ağac əkilib”, - deyə nazir müavini diqqətə çatdırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.