REGİONLAR
Bu il muxtar respublikada taxıl zəmilərində yanğın hadisələri baş verməyib
Naxçıvan, 4 avqust, AZƏRTAC
Bu il muxtar respublika ərazilərində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin olunması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin nəticəsində taxıl zəmilərində yanğın hadisələri baş verməyib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonda yanğın təhlükəsizliyinin təmin edilməsi və xüsusilə taxıl sahələrinin biçinindən sonra yandırılmaması, yanğın və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması mövzusunda keçirilən maarifləndirici tədbirdə danışılıb.
İnzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə üzvlərinin iştirak etdiyi tədbirdə vurğulanıb ki, aparılan maarifləndirici tədbirlərə baxmayaraq, bəzən biçindən sonra taxıl sahələrinin yandırılması hallarına yol verilir. Fövqəladə Hallar Nazirliyi bütün bunları nəzərə alaraq bir daha sahibkarları, torpaq mülkiyyətçilərini və fermerləri biçindən sonra taxıl sahələrinin yandırılmaması və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrini tövsiyə edir.
Bildirilib ki, bu hal torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpağın münbitliyinin kəskin surətdə azalmasına səbəb olur.
Çıxış edənlər diqqətə çatdırıblar ki, ot-saman tayaları yaşayış evlərindən, tikililərdən, elektrik xətlərindən və yollardan ən azı 20 metr aralı məsafədə xüsusi ayrılmış yerlərdə qurulmalı, onun ətrafı çəpərlənməli, azyaşlı uşaqların daxil olmasına və nəzarətsiz buraxılmasına yol verilməməlidir. Tayanın ətrafında və yaxınlığında tonqal qalamaq, siqaret çəkmək və açıq oddan istifadə etmək yanğın təhlükəsi yaradır və bu, təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması deməkdir.