İQTİSADİYYAT
Bu il neft və digər maye yanacaqların qlobal istehlakı gündəlik 98,41 milyon barrel olacaq
Bakı, 9 avqust, Nihad Budaqov, AZƏRTAC
Bu il neft və digər maye yanacaqların qlobal istehlakı sutkada 98,41 milyon barrel olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, 2018-ci ildə isə qlobal istehlak gündəlik 100,02 milyon barrel təşkil edəcək.
EIA-nın iyuldakı hesabatına görə, neft və digər maye yanacaqların qlobal istehlakı sutkada 98,39 milyon barrel, 2018-cu ilin müvafiq ayında isə bu göstərici gündəlik 100 milyon barrel olacaq. Neft və digər maye yanacaqların qlobal istehlakı 2016-cı ildə sutkada 96,99 milyon barrel təşkil edib.
Agentliyin proqnozuna görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olmayan ölkələrdə maye yanacaq istehlakı 2016-cı ildə sutkada 50,16 milyon barrel olub. Həmin ölkələrdə maye yanacaq istehlakı bu il sutkada 51,29 milyon barrelə, 2018-ci ildə isə gündəlik 52,53 milyon barrelə çatacaq.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrdə isə maye yanacaq istehlakı 2016-cı ildə sutkada 46,83 milyon barrel təşkil edib. Cari ildə OECD üzrə maye yanacaq istehlakı sutkada 47,12 milyon barrel və 2018-ci ildə isə gündəlik 47,49 milyon barrel olacaq.
Bununla yanaşı, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı 2017-ci ildə gündəlik orta hesabla 32,53 milyon barrel, 2018-ci ildə isə sutkada 32,96 milyon barrel olacağı gözlənilir.
Qeyri-OPEC ölkələrində isə neft və digər maye yanacaqların istehlakı 2017-ci ildə gündəlik 58,98 milyon barrel, 2018-ci ildə 60,10 milyon barrel olacaq.