CƏMİYYƏT
Bu il ölkədə əlavə olaraq 400 ədəd yeni bankomat quraşdırılacaqdır VİDEO
Mingəçevir, 18 iyun (AZƏRTAC, Şahnəzər Bəşirov). Dövlət Sosial Müdafiə Fondu bu il ölkədə bankomatların sayının artırılmasını qarşıya məqsəd qoymuşdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mingəçevirdə bölgədə yaşayan vətəndaşları qəbul edən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev jurnalistlərə müsahibəsində demişdir.
Elman Mehdiyev bildirmişdir ki, pensiyaların plastik kartlarla ödənilməsində əhaliyə xidmət göstərən bankomat şəbəkəsinin genişləndirilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondu müvəkkil banklarla ardıcıl iş aparır. Hazırda banklarla birgə yaradılmış işçi qrupu bu məqsədlə yerlərdə quraşdırılmış bankomatların faktiki vəziyyəti və əlavə bankomata olan tələbatla bağlı inventarlaşdırma prosesini həyata keçirir. Sədr demişdir: “Biz inventarlaşmanın nəticələrinə uyğun olaraq müvəkkil banklar qarşısında yaşayış məntəqələrində əlavə olaraq yeni bankomatların quraşdırılması üçün məsələ qaldırırıq. Cari ildə DSMF-ə xidmət göstərən banklar tərəfindən əlavə olaraq 400 ədəd yeni bankomatın quraşdırılması qərara alınmışdır. Bunlardan 300-ü Azərbaycan Beynəlxalq Bankı, 100-ü isə “Kapital Bank” tərəfindən quraşdırılacaqdır. İlkin mərhələdə hazırda Azərbaycan Beynəlxalq Bankı tərəfindən ölkədə 100 yeni bankomatın quraşdırılması prosesi gedir. Bu ilin aprel-may aylarında 53 yeni bankomat quraşdırılmışdır. Nəzərdə tutulan digər bankomatlar da bu ilin sonunadək quraşdırılacaqdır”.
Bankomatların qarşısında yaranan növbə ilə bağlı məsələyə münasibət bildirən fondun sədri qeyd etmişdir ki, bankomatların tələb olunan keyfiyyətdə çalışması və onların xidmət şəbəkəsinin genişlənməsi üçün dövrü olaraq monitorinq və qiymətləndirmələr aparılır və banklar tərəfindən zəruri tədbirlər görülür. Onun sözlərinə görə, vətəndaşlar pensiyanı bir gün ərzində bankomatdan çıxarmağa meyil edirlər, yəni plastik kartlara öz təyinatına uyğun olaraq nağdsız ödəniş vasitəsi kimi deyil, bir gündə vəsaiti bankomatlardan götürmə aləti kimi yanaşırlar. Bu sıraya əmək haqqı alanların, eləcə də digər sosial müavinət və yardım alan şəxslərin də qoşulması bankomatların qarşısında sıxlığın və böyük növbələrin yaranmasına səbəb olur. Bu məsələlərin aradan qaldırılması üçün DSMF tərəfindən müxtəlif layihələrə başlanılmışdır. Bunlardan biri də “Pensiya+” layihəsidir. Bu layihənin həyata keçirilməsinin əsas məqsədi vətəndaşları nağdsız ödənişlərə təşviq etməkdir. Yəni, plastik kart vasitəsilə verilən pensiyanın bir gündə bankomatdan götürülməsi prosesini azaltmaq üçün vətəndaşların müxtəlif yerlərdə alış-veriş zamanı plastik kartlardan istifadə etmələri prosesini tədricən genişləndirmək istəyirik. Bunlara nail olmaq üçün vətəndaşların bir daha fəal mövqeyi zəruridir”.