CƏMİYYƏT
Bu il özünüməşğulluq proqramı çərçivəsində 1100-dək kiçik ailə təsərrüfatı yaradılıb
Bakı, 13 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində ölkəmizin bölgələrində işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsi prosesi davam etdirilir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, on iki gündə müxtəlif rayon və şəhərlərdə daha 200-dən çox şəxs özünüməşğulluq proqramı çərçivəsində mal və materiallarla təmin edilib. Onlar əsasən kənd təsərrüfatı sahələri üzrə kiçik ailə təsərrüfatları qurublar.
Aztəminatlı ailələrin özünüməşğulluq proqramının imkanlarından faydalanmaqla fərdi təsərrüfatlar qurması onların dövlət sosial yardım proqramından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmağa və sahibkarlığa çıxış imkanı qazanmağa imkan verib. Bu, eyni zamanda, ölkədə qeyri-neft sektorunun inkişafına, məhsul istehsalının artımına da əlavə dəstəkdir.
Ümumilikdə bu il özünüməşğulluq proqramı çərçivəsində respublikamızın rayon və şəhərlərində artıq 1100-dək kiçik ailə təsərrüfatı yaradılıb.