CƏMİYYƏT


Bu il quduzluqla əlaqədar tibb müəssisələrinə 7 min 51 müraciət daxil olub

Bakı, 24 may, AZƏRTAC

İnfeksion xəstəlik olan quduzluğun qarşısı alınmayanda onun ağır fəsadları ilə qarşılaşmaq mümkündür. Xəstəliyə daha çox vəhşi heyvanlar, eləcə də yarasalar, gəmiricilər və pişiklər həssaslıq göstərir. Virus yalnız ağız suyu ilə xarici mühitə ifraz edilir. Ona görə də insanlar həmin virusa heyvanların dişləməsi ilə yoluxur. Dişləməyə məruz qalan şəxs tibb müəssisəsinə müraciət etməlidir. Lakin ilkin tibbi yardım olaraq yara nahiyəsini su ilə yumaq və spirtlə dezinfeksiya etmək vacibdir.

AZƏRTAC xəbər verir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ceyran Cəfərova deyib: “Zədələnmə zamanı cərrah tərəfindən antirabik vaksin vurulmalıdır. Lokalzasiyasına görə zədə aşağı ətraflardadırsa, antirabik immunoqlobin dərhal vurulmur. Ona görə ki, bir neçə gün ərzində heyvan müşahidə edilməlidir, heyvan tələf olarsa, lokalizasiyanın yerindən asılı olmayaraq ölüm hallarının qarşısını almaq üçün antirabik immunoqlobin vurulur”.

Ölkəmizdə quduzluğa qarşı istifadə olunan vaksin Hindistan istehsalıdır. Həmin vaksin respublikamızın bütün şəhər və rayonlarında var. Vaksinasiyanın miqdarı dişləmə nahiyəsindən asılıdır.

Həkim Könül İsmayılova deyib: “Virusun daha bir pis xüsusiyyəti ondan ibarətdir ki, neyrotropdur, daha çox özünü nevroloji klinika ilə göstərir. İnkubasiya dövrü müxtəlif ola bilir və həmin dövrdən sonra sudan, işıqdan qorxma və digər nevroloji əlamətlər üzə çıxır. Hətta ağır hallarda huşun itməsi, ağız suyu ifrazının artması, iflic olma baş verə bilər. Tənəffüs əzələlərinin iflicinin baş verməsi daha pis sonluğa səbəb olur”.

Mütəxəssislər bildirirlər ki, ev heyvanlarının baytar müayinəsi aparılması və quduzluğa qarşı vurulan vaksinlər gecikdirilməməlidir. Statistikaya görə, bu il ölkə ərazisində tibb müəssisələrinə quduzluqla əlaqədar 7 min 51 müraciət edilib. Vəhşi heyvanların dişləməsi və quduzluq səbəbindən ölüm halı qeydə alınmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.