REGİONLAR


Bu il son iki ayda Azərbaycana gələn turistlərin sayında ciddi artım var - Lənkərandan reportaj VİDEO

Lənkəran, 4 avqust, AZƏRTAC

Bu il iyul–avqust aylarında Azərbaycana gələn turistlərin sayında ciddi artım var. Pandemiyaya görə iki ildir ziyanla işləyən otel və mehmanxana sahibləri bu il vəziyyətin müsbətə doğru dəyişməsindən məmnundurlar.

AZƏRTAC xəbər verir ki, bu il Lənkəran yay turizm mövsümünə əvvəlcədən hazırlaşıb. Turizm mövsümü hələ başlamamış artıq Lənkəranda xeyli sayda turist görmək mümkün idi. Həm Bakıdan, həm də ölkəmizin ayrı-ayrı rayonlarından gələn turistlər zümrüd meşələri, sıralanmış dağları, dənizi, müalicəvi qumu, çayları, saf bulaqları ilə tanınan Lənkəranda dincəlməyə üstünlük verirlər. İstirahət mərkəzləri də yeni mövsümdə fəaliyyətlərini turistlərin istək və tələblərinə uyğun qurub. Həftə sonları Lənkərana gün ərzində 200-300 turist gəlir.

Qonaqları buraya cəlb edən digər amil isə cənub bölgəsinin mətbəxi və adət-ənənələridir. Turistlər daha çox otellərlə yanaşı, Lerikin gözəl mənzərəli təbiəti ilə əhatə olunan bağ evlərinə üstünlük verirlər. Bəzi turistlər istirahət üçün kənd yerlərini seçirlər. Buna görə də son illərdə turistlər üçün ayrılan kənd evlərinin sayı 50 faiz artıb.

Restoranda çalışan Misrabin Hüseynli bildirib ki, pandemiya ilə əlaqədar bəzi qadağalar götürüldüyü üçün bölgəyə gələn qonaqların sayı artıb. “Ümumilikdə otelimiz 3 ildir fəaliyyət göstərir. Ancaq onun iki ilini normal fəaliyyət göstərə bildik. Pandemiyaya görə isə bir il zəiflik oldu. Hazırda pandemiyanın bitmə səbəbinə görə turistlərin gəlişi və daha çox yerli əhalinin axını vəziyyəti daha da yaxşılaşdırıb. Hazırda turizmdə oyanış var.

Xarici turistlər ən çox Amerika, Avropa ölkələrindən, eləcə də İngiltərə və Rusiyadan gəlirlər. Qonaqlar bölgənin təbiətini çox sevirlər. Ümumilikdə qiymətlər 100 manatdan 220 manata qədərdir. Səhər və axşam yeməyi, həmçinin hovuzdan istifadə otaqların qiymətinə daxildir”, - deyə o qeyd edib.

Yerli turist Əlizamin Əsədov rayona turla gəldiyini söyləyib. O, bu səfalı yerləri çox bəyəndiyini, növbəti ildə də bura səyahət etmək istədiyini diqqətə çatdırıb.

Lənkərana səyahəti barədə təəssüratlarını bildirən turist Samirə Əsədova deyib ki, bu yerlər çox gözəldir, təbiəti əsrarəngizdir. O, rayona ilk dəfə gəldiyini qeyd edib.

Bu bölgəyə səfər edən yerli turist Turac İsmayılova bildirib ki, regionun təbiəti çox gözəldir: “Buradan xoş təəssüratlarla ayrılacağam. Gözəl təbiəti olan bu səfalı yerlər yaşıl meşələri və təbii nemətləri ilə yaddaşımda dərin izlər buraxdı. Mən yenidən buraya səfər edəcəyimə ümid edirəm”.

Türkiyədən ölkəmizə qonaq gəlmiş türk turist Əli Qorxmaz qeyd edib ki, o, xüsusilə şəhərdaxili otelləri deyil, təbiət qoynunda dincəlməyə üstünlük verib. “Burada olmaqdan məmnunam. Hər şey təbiidir. Qardaş ölkə Azərbaycanda hər şey gözəldir”, - deyə türk turist vurğulayıb.

Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimovun sözlərinə görə, turistlərin gəzintisini rahatlaşdırmaq məqsədilə rayonun turizm xəritələri, müvafiq məlumatverici broşürlər və bukletlər otellərə, mehmanxanalara, istirahət məkanlarına təqdim edilib. Bu mövsüm rayonda yeni turizm istiqamətləri üzrə turlar da təşkil olunur.

Qeyd edək ki, Lənkəranda 17 otel və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Bu obyektlərdə, eləcə də kənd evlərində ümumilikdə bir gündə 3 minə yaxın turist yerləşə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.