Bu il tibb müəssisələrinə quduzluğa qarşı 7 min 51 nəfər müraciət edib
AzerTAg.az
Bakı, 18 may, AZƏRTAC
Quduzluq infeksion xəstəlikdir və qarşısı alınmadığı halda ağır fəsadları ilə qarşılaşmaq mümkündür. Xəstəliyə daha çox it ailəsinə mənsub olan vəhşi heyvanlar (tülkü, canavar, çaqqal), yarasalar, gəmiricilər və pişiklər həssaslıq göstərir. Virus yalnız ağızsuyu ilə xarici mühitə ifraz edilir. Ona görə də heyvanların insanları dişləməsi halı ilə yoluxur. Dişləməyə məruz qalan şəxs tibb müəssisəsinə müraciət etməlidir, lakin ilkin tibbi yardım olaraq yara nahiyəsini su ilə yumaq və spirtlə dezinfeksiya etmək vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Ceyran Cəfərova Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayımda deyib.
“Virusun törədicisi orqanizmə ən çox dişləmə vasitəsilə daxil olur və yara nə qədər böyük olarsa, yoluxma ehtimalı da o qədər çox olur. Xəstəliyin inkubasiya dövrü orta hesabla 10 gündən 1 aya qədərdir.
Ölkəmizdə quduzluğa qarşı istifadə olunan vaksin Hindistan istehsalıdır. Bu vaksin respublikamızın istənilən şəhər və rayonlarında var. Vaksinasiyanın miqdarı dişlənmə nahiyəsindən asılıdır. Statistikaya görə, bu il respublika ərazisində tibb müəssisələrinə quduzluğa qarşı 7 min 51 nəfər müraciət edib. Cari ildə vəhşi heyvan dişləməsi və quduzluq səbəbindən vəfat etmə halı qeydə alınmayıb. Ev heyvanlarında da quduzluğa yoluxma halı müşahidə olunur. Bu səbəbdən heyvan sahibləri diqqətli olmalıdır. Ev heyvanlarının baytar müayinəsi və quduzluğa qarşı vaksinləri gecikdirilməməlidir. Su, hava və işıqdan qorxma quduzluğun sonuncu mərhələsinin simptomlarıdır. Əksər hallarda ölümlə nəticələnir”, - deyə Ceyran Cəfərova bildirib.

Xəbərin mətnində orfoqrafik səhv var