REGİONLAR


Bu il tütünçülükdə orta məhsuldarlıq göstəriciləri yüksəlib

Bakı, 19 noyabr, AZƏRTAC

Bu il tütünçü fermerlər sahələrdən bol məhsul götürürlər. Aqrotexniki qulluq qaydalarına düzgün riayət edilməsi, şitil, gübrə və dərman təminatının yüksək səviyyədə təşkili sayəsində 2020-ci ildə tütünçülükdə orta məhsuldarlıq göstəriciləri yüksəlib.

AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyi İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, bu il Azərbaycanda 3144 hektar sahədə tütün əkilib, 3141,5 hektar sahədə bitiş alınıb. Bu günədək sahələrdən 5949,8 ton tütün yığılıb. Fermerlər məntəqələrə 5078,2 ton quru tütün təhvil veriblər. Hazırda tütün üzrə orta məhsuldarlıq 18,9 sentner təşkil edir. Sahələrdə yığım davam edir, mövsümün yekununa kimi orta məhsuldarlıq göstəricisinin daha da artacağı gözlənilir.

Bu il Azərbaycanın 12 rayonunda və Naxçıvan Muxtar Respublikasında tütün əkilib. Əkin sahələrinin yarıdan çoxu ənənəvi tütünçülük bölgələrindən olan Şəki, Qax və Oğuz rayonlarının payına düşür. Şəkidə 1108 hektar, Qaxda 496,5 hektar, Oğuzda isə 269 hektar sahədə tütün əkilib. Tütün üzrə orta məhsuldarlıq Şəkidə 32,1 sentner, Qaxda 13,5 sentner, Oğuzda 14,8 sentnerdir. Zaqatala, Balakən, Qəbələ, Tovuz, İsmayıllı, Goranboy, Lerik, Masallı və Yardımlı rayonlarında da fermerlər sahələrdən bol məhsul götürüblər.

Qeyd edək ki, ölkədə tütünçülüyün inkişafı dövlət tərəfindən dəstəklənir. Dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi tütünçülüyün inkişafını stimullaşdırır. Tütün həm əkin, həm məhsul subsidiyası verilən kənd təsərrüfatı bitkiləri kateqoriyasına daxildir. Fermerlər tütün əkilmiş sahələrin hər hektarına görə dövlətdən 280 manat subsidiya alırlar. Bundan başqa, qəbul məntəqələrinə təhvil verilən quru tütünün hər tonuna görə fermerlərə 50 manat məhsul subsidiyası ödənilir.

Hazırda sahələrdə yığım davam edir, tütün yarpağı yığımının optimal müddətdə başa çatdırılması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.