REGİONLAR


Bu ildən Azərbaycanda arıçılara saxladıqları hər arı ailəsinə görə 10 manat subsidiya veriləcək

Bakı, 20 sentyabr, AZƏRTAC

Azərbaycanda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə bu ildən etibarən subsidiya veriləcək. Arıçılar saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat məbləğində subsidiya alacaqlar.

AZƏRTAC xəbər verir ki, artıq Nazirlər Kabineti “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nı təsdiq edib. Yeni qayda “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə təsdiqlənib.

Arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üçün arıçılıq təsərrüfatları “Arıçılıq təsərrüfatlarının uçotu Qaydası”nın tələblərinə uyğun uçota alınmalıdır. Subsidiya verilməsinin təşkili üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayon (şəhər) komissiyaları yaradılacaq.

Bu qərar 2018-ci il də daxil olmaqla, 5 il müddətində qüvvədədir.

Arıçılar ərizələrini, fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üçün VÖEN-in surətini, subsidiyanın köçürüləcəyi bank hesabına dair məlumatları hər il aprel ayının 30-dək arıçılıq təsərrüfatının yerləşdiyi rayon (şəhər) komissiyalarına təqdim etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.