İQTİSADİYYAT
Bu ilin 11 ayında 31,6 milyon ton neft hasil edilib
Bakı, 30 dekabr, AZƏRTAC
Bu ilin yanvar-noyabr ayları üzrə Azərbaycanda təxminən 31,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 16,5 min ton az olub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, respublika üzrə neft hasilatının 20,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin (AÇG), 3,8 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,2 milyon ton təşkil edib.
Hesabat dövründə təxminən 25,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 24,5 milyon tona yaxın konsorsiumun, 1,2 milyon tondan çoxu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq dövrünə nisbətən, təxminən 334 min ton, yəni 1,3 faiz azdır.
Cari ilin yanvar-noyabr aylarında ölkədə 39,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 12,1 milyard kubmetri AÇG-dən, 20,4 milyard kubmetri “Şahdəniz”dən, 7,2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 17,8 faiz, yəni 6 milyard kubmetrə yaxın artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı təxminən 16,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 39,8 faiz çoxdur. Cari ilin yanvar-noyabr aylarında Türkiyəyə təqribən 7,7 milyard kubmetr, Avropaya təqribən 7,3 milyard kubmetr, Gürcüstana isə 1,8 milyard kubmetr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 92 milyon kubmetr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 5,1 milyard kubmetrdən çox qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin dekabrın 1-dək 578,6 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 544,6 milyon ton neft, “Şahdəniz”dən isə təqribən 34 milyon ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin dekabrın 1-dək təqribən 578,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Yataqlar istismara veriləndən cari ilin dekabrın 1-dək “Azəri-Çıraq-Günəşli”dən 188,7 milyard kubmetrdən çox, “Şahdəniz”dən isə 155,3 milyard kubmetrdən çox qaz hasil olunub. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 106,2 milyard kubmetrə yaxın həcmi ixraca nəql edilib.
Ölkədə neftin emalı 2021-ci ilin yanvar-noyabr aylarında 6,1 milyon ton təşkil edib. Neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 756,6 min ton çox olub.