CƏMİYYƏT
Bu ilin 6 ayı ərzində ilkin vərəm hadisələrinin azalması müşahidə edilib
Bakı, 9 avqust, AZƏRTAC
Sanitariya-epidemioloji xidməti və müalicə-profilaktika idarələrinin birgə fəaliyyəti nəticəsində 2017-ci ilin 6 ayı ərzində respublikada idarəolunan xəstəliklərdən poliomielit, difteriya, qızılca, göyöskürək, epidemik parotit və məxmərək xəstəlikləri qeydə alınmayıb.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hava-damcı infeksiyalarından skarlatina, su çiçəyi hadisələri qeydə alınmış, kəskin respirator virus infeksiyalarının səviyyəsində 11,5 faiz azalma müşahidə olunub, yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə kəskin süst ifliclər, B tipli hemofil infeksiya tərəfindən törədilən bakterial meningitlər, pnevmokok və meninqokok infeksiyaları üzərində epidemioloji nəzarət davam etdirilib.
2017-ci ilin 6 ayı ərzində ilkin vərəm hadisələrinin 2016-cı ilin müvafiq dövri ilə müqayisədə 1,3 faiz azalması müşahidə edilib.