CƏMİYYƏT
Bu ilin 6 ayı ərzində respublika ərazisində 905 yol-nəqliyyat hadisəsi baş verib
Bakı, 13 iyul, AZƏRTAC
Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində ölən və yaralananların sayının azalmasına müsbət təsiri olub.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu ilin 6 ayı ərzində respublika ərazisində 905 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 304 nəfər həlak olub, 970 nəfər yaralanıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 140 fakt (13,4 faiz), həlak olanların sayı 103 nəfər (25,3 faiz), yaralananların sayı 147 nəfər (13,2 faiz) azalıb.
Bakıda isə 323 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 73 nəfər həlak olub, 342 nəfər xəsarət alıb. Ötən illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 69 fakt (17,6 faiz), 45 nəfər (38,1 faiz), 72 nəfər (17,4 faiz) azalıb.