CƏMİYYƏT
Bu ilin 6 ayında 3908 nəfər əlilliyi olan şəxs 11 mindən çox reabilitasiya vasitəsilə təmin edilib
Bakı, 1 iyul, AZƏRTAC
Bu ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi 3908 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib. Onlardan 612 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 193 əlil arabası, 437 aşağı və yuxarı ətraf, habelə döş protezi, 516 aşağı və yuxarı ətraf ortezi, 3444 müxtəlif reabilitasiya vasitəsi, bel və boyun nahiyəsi üçün 92 korset, 937 cüt protez ayaqqabı, 1070 cüt ortopedik ayaqqabı və 427 dördayaqlı dayaq vasitəsi verilib.
Əlilliyi olan şəxslər həmçinin 1113 qoltuqaltı və dirsəkaltı ağac, 1241 ədəd əsa və s. reabilitasiya vasitələrilə təmin ediliblər. Ümumilikdə bu ilin yanvar-iyun aylarında Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 11006 reabilitasiya vasitəsi verilib.
Bu sahədə səyyar xidmətlərin göstərilməsi işi xüsusi rejimli karantin müddətində daha da gücləndirilərək geniş miqyas alıb və reabilitasiya vasitələri əlilliyi olanların çoxuna evlərində təqdim edilib.