MƏDƏNİYYƏT
Bu ilin Nobel mükafatları sahiblərinə təqdim olunmuşdur VİDEO
Bakı, 10 dekabr (AZƏRTAC). Dekabrın 10-da bütün dünyanın diqqət mərkəzində olan Nobel mükafatlarının növbəti təqdim edilməsi mərasimi keçirilmişdir.
Alfred Nobelin ölümünün ildönümündə, İsveçin paytaxtı Stokholmda sayca 112-ci Nobel mükafatının təqdim edilməsi mərasimi ənənəyə uyğun olaraq laureatlar və qonaqlar üçün bayram ziyafəti ilə yadda qalmışdır.
2013-cü ildə ümumilikdə 13 nəfər, o cümlədən bir təşkilat Nobel mükafatı laureatı olmuşdur. Mükafata layiq görülənlər arasında ən yaşlısı 84 yaşlı fizik Piter Hiqqs, ən cavanı isə 57 yaşlı Tomas Sudhofdur.
Bu il Nobel sülh mükafatı Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilata verilmişdir. Təşkilat bu mükafata Suriyadakı kimyəvi silahların məhv edilməsində böyük rol oynadığı üçün layiq görülmüşdür.
2013-cü il üçün tibb və fiziologiya üzrə Nobel mükafatı laureatlarının da adları məlum olmuşdur. Bu alimlər amerikalı Ceyms Rotman, Rendi Şekman və almaniyalı Tomas Sudhofdur. Onlar hüceyrənin öz daşınma sistemində necə formalaşdığını, hüceyrə daxilində daşınmanın öz yerində və vaxtında necə baş verdiyini araşdırdıqlarına görə bu mükafatı almışlar.
Nelson Mandellanın vəfatı ilə bağlı İsveç taxt-tacının varisi Viktoriya və ölkə rəhbərliyi, eləcə də Norveç rəhbərliyi mərasimə qatılmamışlar.
Mərasim Norveçin “NRK” televiziyası və Nobelin rəsmi saytı ilə canlı yayımlanmışdır.
Mayası Bakı nefti ilə yoğurulan Nobel mükafatı fizika, kimya, fiziologiya, təbabət və ədəbiyyat sahələri üzrə təqdim olunur. Nobel sülh mükafatı isə xalqların birliyinə, daimi ordunun sayının azaldılması və ya ləğvinə, sülh təşəbbüslərinin inkişafına böyük töhfə verənlərə təqdim edilir. Nobelin vəsiyyətində riyaziyyat üzrə mükafat yoxdur.