CƏMİYYƏT
Bu ilin altı ayında 21 mindən çox şəxsə əlillik təyinatı aparılıb VİDEO
Bakı, 13 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi işləri davam etdirilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin altı ayı ərzində agentlik ümumilikdə 21525 şəxsə əlillik təyin edib. Onlardan 7 018 nəfərə ilkin, 14 507 nəfərə isə təkrar əlillik təyinatı aparılıb. 2020-ci ilin analoji dövrü ilə müqayisədə təyinatların sayı 68 faiz artıb.
Həmin şəxslərə əlilliyə görə müvafiq sosial ödənişlər də təyin olunub.
Əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur (ekspert) təması olmadan, “Əlillik” altsistemi üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.