CƏMİYYƏT
Bu ilin altı ayında Dövlət Miqrasiya Xidmətinə 49 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib
Bakı, 15 iyul, AZƏRTAC
Bu ilin altı ayı ərzində Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 49 min 174 müraciət daxil olub.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Müvafiq dövr ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 52 min 525 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.
Bundan başqa, Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 3419 qərar qəbul edilib.