CƏMİYYƏT


Bu ilin beş ayında Dövlət Əmək Müfəttişliyi Xidmətinə 3341 şikayət daxil olub

Bakı, 12 iyun, AZƏRTAC 

Xidmətimiz tərəfindən vətəndaşlardan daxil olan şikayət ərizələri və digər dövlət orqanlarından daxil olan materiallar əsasında araşdırma aparılaraq əmək qanunvericiliyinin tələbləri pozulması halları aşkarlandıqda müvafiq tədbirlər görülür. Belə ki, bu ilin əvvəlindən bəri vətəndaşlardan daxil olan 3341 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilən 2472 məktub və sorğu araşdırılaraq cavablandırılıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini İlqar Məmmədov bu statistikanı AZƏRTAC-a verdiyi müsahibədə söyləyib. Onun dediyinə görə, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 45 nəfər öz əvvəlki işinə bərpa edilib, onların barəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib. Müxtəlif orqanlardan daxil olmuş materialların və vətəndaş müraciətlərinin araşdırılması zamanı 224 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib. Törədilmiş inzibati xətalara görə inzibati qərarlar qəbul edilərək 764,3 min manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub.

Rəis müavininin verdiyi məlumata görə, həmin dövr ərzində istehsalatla əlaqəli 88 bədbəxt hadisənin təhqiqatı aparılıb, 3-ü qrup halında olan bu hadisələr nəticəsində 20 nəfər vəfat edib, 73 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 93 nəfər zərərçəkənə istehsalat zədəsi vurulduğu müəyyən edilib.

“Bu ilin beş ayı ərzində uşaq əməyinin istismarı ilə əlaqədar 3 halda inzibati qaydada cəza tədbiri görülüb. Həmin hallara daha çox nəqliyyat sektorunda, avtoyuma müəssisələrində və şadlıq saraylarında rast gəlinir. Dövlət Əmək Müfəttişliyi Xidməti belə halların baş verməməsi üçün maarifləndirmə tədbirlərinin aparılmasına daha çox üstünlük verir”, - deyə o, xidmətin gördüyü işlərin statistikasına yekun vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.