CƏMİYYƏT


Bu ilin birinci rübündə 41 min 227 nəfərə fərdi şəxsi hesab açılıb

Bakı, 4 aprel, AZƏRTAC

Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 41 min 227 nəfərə fərdi şəxsi hesab açılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fərdi uçot sistemi ölkəmizdə 2006-cı ildən fəaliyyət göstərən müasir sığorta-pensiya sisteminin aparıcı komponenti olmaqla, hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasına, işləyən əhalinin əmək pensiyası və digər sosial müdafiə hüquqlarına malik olması üçün pensiya kapitallarını formalaşdırmağa şərait yaradır.

Vətəndaşlar fərdi uçot sistemində qeydiyyata alınmaqla onlara uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılır və bunu təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilir. Fərdi şəxsi hesablarda toplanan pensiya kapitalı barədə məlumat əldə etmək üçün isə nazirliyin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti əhalinin istifadəsindədir.

Ötən il iyulun 1-dən qanunvericilikdə qüvvəyə minən dəyişikliklər nəticəsində vətəndaşlara bank vasitəsilə fərdi hesablarına daha çox vəsait köçürməklə pensiya kapitallarını və bununla gələcəkdə onlara təyin olunacaq pensiyaların məbləğini daha da artırmaq imkanı verilib.

Sosial sığorta sistemində aktiv iştiraka marağın getdikcə artması fərdi uçot sistemində fərdi şəxsi hesabı olanların sayının çoxalmasına səbəb olur. Bu il aprelin 1-nə qədər sistemdə qeydiyyatda olan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 164 min 212 nəfər və ya 4,8 faiz artaraq 3 milyon 607 min 972 nəfərə çatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.