CƏMİYYƏT


Bu ilin birinci rübündə 630 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Bakı, 22 may, AZƏRTAC

Bu ilin birinci rübündə ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən ümumiləşdirilib.

İşçi Qrupundan AZƏRTAC-a bildiriblər ki, cari ilin üç ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1540 fakt aşkarlanıb. Onlardan 600-ü narkotik vasitələrin qanunsuz satışı, 908-i qanunsuz əldə edilib saxlanılması, 6-sı narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası, 26-sı isə digər cinayətlərlə bağlı olub. Aşkarlanmış faktlar üzrə ümumi çəkisi 630 kiloqram 874,4 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.

Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 236 kiloqram 9 qramını marixuana (37,4 faiz), 93 kiloqram 253,9 qramını tiryək (14,3 faiz), 233 kiloqram 805 qramını heroin (37 faiz, 16 kiloqram 694 qramını həşiş (3,1 faiz), 51 kiloqram 111 qramını psixotrop maddələr və digərləri (8,1 faiz) təşkil edib.

Cinayət məsuliyyətinə 780 nəfər cəlb edilib ki, onların 177-si əvvəllər cinayət törədən şəxslər, 24-ü xarici ölkə vətəndaşıdır. Əcnəbilərdən 17-si İran, 4-ü Gürcüstan və 3-ü Rusiya vətəndaşıdır.

Ümumilikdə hüquq-mühafizə orqanları tərəfindən aşkarlanmış cinayət faktlarının 98-i qaçaqmalçılıq yolu ilə törədilib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 189 kiloqram 096,1 qram olan müxtəlif növ narkotik vasitələr çıxarılıb.

Bundan əlavə aşkarlanmış cinayət faktlarının 104-ü qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən 148 kiloqram 769 qram narkotik vasitələr müsadirə edilib.

Ümumilikdə müəyyən edilmiş cinayətlərin 277-si əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilib və onlardan 103 kiloqram 465 qram müxtəlif növ narkotik vasitələr götürülüb.

Eyni zamanda, qanunsuz dövriyyədən çıxarılmış 630 kiloqram 874 qram narkotik vasitənin 236 kiloqramını və ya 37,4 faizini yüngül təsirə malik narkotik vasitə olan marixuana təşkil edib.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məlumatına əsasən, 2020-ci ilin üç ayında sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 9353 nəfər keçib. Onlardan 1769 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 964 nəfərdə pozitiv nəticə aşkarlanıb və müvafiq qeydiyyata götürülüb. Eyni zamanda, cari ilin müvafiq dövründə 828 nəfər ambulator məcburi narkoloji tibbi yoxlamadan keçib və onlardan 546 nəfərə narkomaniyadan məcburi müalicə təyin edilib.

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən Azərbaycan vətəndaşları arasında 2020-ci ilin birinci rübündə İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxma hallarının 13,4 faizi, ümumiliklə isə 1992-ci ildən 2020-ci il martın 1-dək yoluxma hallarının 40,5 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkarlanmış 8296 nəfərdən 3314 nəfəri inyeksion narkotik istifadəçisi olublar. Onların da 2598 nəfəri (78,4 faiz) dispanser qeydiyyatına götürülüb. Qeyd olunmalıdır ki, ölkədə İİV-ə narkomanların yeni yoluxma sayında azalma müşahidə olunur. 2020-ci ilin birinci rübü ərzində aşkarlanmış 164 nəfər İİV-ə yoluxmuş Azərbaycan vətəndaşının 22 (13,4 faiz) nəfəri inyeksion narkotik istifadəçisi olub. Onların 19 nəfəri Respublika QİÇS-lə Mübarizə Mərkəzində dispanser qeydiyyatına götürülüblər, digərləri isə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi vasitəsilə aşkarlanıb və hazırda Penitensiar Xidmət müəssisələrində müşahidə olunurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.