CƏMİYYƏT
Bu ilin birinci rübündə İİV-ə 186 yeni yoluxma qeydə alınıb
Bakı, 19 may, Aytac Haqverdiyeva, AZƏRTAC
Bu ilin ilk üç ayı ərzində İİV-ə yeni yoluxma hallarının sayı 186 təşkil edib. Onlardan 182-si Azərbaycan vətəndaşı, 4-ü isə əcnəbidir. Yoluxma qeydə alınmış yerli sakinlərdən 129-u kişi, 53-ü qadındır.
AZƏRTAC xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov “İnsanın İmmunçatışmazlığı Virusunun törətdiyi fəsadlar, sıfır ayrı-seçkilik, stiqma və diskriminasiya ilə bağlı maarifləndirmə” tədbirində deyib.
F.Məmmədovun sözlərinə görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülən ölkə vətəndaşlarının 37,2 faizində İİV-ə yoluxma infeksion narkotik istifadəsi, 52,2 faizində heteroseksual, 4,1 faizində homoseksual kontakt nəticəsində, 1,5 faizində anadan uşağa keçməklə, 0,01 faizində donor qanının köçürülməsi nəticəsində yoluxma baş verib. Xəstələrin 5 faizində yoluxma yolu müəyyənləşdirilməyib.