REGİONLAR


Bu ilin birinci yarısında Astarada sosial-iqtisadi inkişaf sahəsində uğurlu nəticələr qazanılıb

Astara, 31 iyul, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında 2018-ci ilin birinci yarısında rayonda sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iclasda çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bu ilin altı ayında rayonda sosial-iqtisadi inkişaf sahəsində uğurlu nəticələrin qazanıldığını bildirib.

Diqqətə çatdırılıb ki, bu dövrdə rayonda ümumi məhsul və xidmətlərin həcmi 81,4 milyon manat təşkil edib. Bunun 11 faizi sənayedə, 36 faizi kənd təsərrüfatında, 13 faizi tikintidə, 37 faizi ticarət və xidmət sahəsində, 2 faizi nəqliyyat və anbar təsərrüfatında, 0,5 faizi informasiya və rabitə sahəsində olub. Rayonda orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 753 manat təşkil edib.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 8 iyun tarixli Sərəncamına uyğun olaraq Astara şəhərindəki park-bulvar kompleksinin genişləndirilməsi işləri davam etdirilib, layihəyə əsasən nəzərdə tutulan işlər başa çatmaq üzrədir. Ərazidə hotel və kotteclərin, atçılıq idman klubu üçün meydança və binanın tikintisi, sürət maşınlarının yarış meydançasının (“world carting”) salınması işi davam etdirilir.

Sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudovun hesabat məruzəsi dinlənilib.

Qeyd olunub ki, ilin birinci yarısında Astara şəhərində üç, Kijəbə qəsəbəsində dörd ictimai yaşayış binasında təmir-tikinti, həmçinin magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması işləri davam etdirilib. “Şimal-Cənub“ nəqliyyat dəhlizinin tərkib hissəsi olan Ələt-Astara-İran avtomobil yolunda yol çiyinləri hamarlanaraq 4400 kvadratmetr ərazidə təmir işləri aparılıb. Hesabat dövründə yaddaqalan hadisələrdən biri də Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolunun tikintisinə başlanması olub. Avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyul tarixli Sərəncamı ilə 3,4 milyon manat vəsait ayrılıb. Doqquz min nəfər əhalinin yaşadığı, üç yaşayış məntəqəsini birləşdirən və 11 kilometr uzunluğunda olan dairəvi yolun böyük hissəsinə yüksək keyfiyyətli asfalt döşənib, bu istiqamətdə işlər davam etdirilir.

Lənkəran Regional Qaz İstismarı İdarəsinin Astara Xidmət Sahəsi tərəfindən rayonun qaz təchizatını daha da yaxşılaşdırmaq məqsədi ilə bu ilin birinci yarısında 201 evin qazlaşdırılması başa çatdırılıb.

Astara Rayon Məşğulluq Mərkəzində qeydiyyata alınmış 954 nəfər işaxtaran qeyri-məşğul vətəndaşın 628 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunub. Ailə biznesini genişləndirmək məqsədi ilə işaxtaran və işsiz vətəndaşlardan 31 nəfəri özünüməşğulluq layihəsinə cəlb edilib.

Bildirilib ki, bu ilin birinci yarısında rayonun ümumtəhsil məktəblərinin təmiri və texniki təchizatı ilə əlaqədar olaraq 96 şagird yerlik Bala Şahağac ümumi orta məktəbi üçün inşa edilmiş “modul” tipli məktəb binası istifadəyə verilib, 56 şagird yerlik Siyətük kənd ibtidai məktəbi üçün “modul” tipli məktəbin tikintisi isə başa çatıb.

Hesabat dövründə rayonda aqrar sahənin inkişafına diqqət artırılıb. Məruzədə qeyd olunub ki, bu dövrdə rayonda 182 hektarda buğda, 70 hektarda arpa, 450 hektarda çəltik əkilib. 1280 hektarda yeni sitrus bağları salınaraq rayon üzrə sitrus bağların ümumi sahəsi 3625 hektara çatdırılıb. May ayında mövcud 345 hektar çay sahəsində çay yarpağı yığımına başlanılıb. Birinci çay yığımı zamanı 235 ton çay yarpağı yığılaraq fabriklərə təhvil verilib. Hazırda ikinci çay yığımı davam edir. Rayonda baramaçılığın inkişafı ilə əlaqədar bu il ilk dəfə olaraq 52 qutu ipəkqurdu gətirilərək kümçülərə paylanılıb, 769 kiloqram barama tədarük edilərək “Azəripək” ASC-ə təhvil verilib.

Rayon ərazisində fərdi, dövlət və fermer təsərrüfatlarında 41 min baş iri, 24 min baş xırda buynuzlu, 1000 baş təkdırnaqlı, 200 mindən çox ev quşları, 11630 arı ailəsi var. Altı ay ərzində 2780 ton diri çəkidə ət, 22 min 630 ton süd istehsal olunub.

Müzakirələrdə çıxış edən rayon icra hakimiyyəti başçısının Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Həsənov, Kənd Təsərrüfatı İdarəsinin rəisi Etibar Abbasov, Su Sistemləri İdarəsinin rəisi Habil Manafov və başqaları bu ilin birinci yarısında görülən işlərdən və qarşıda duran vəzifələrdən danışaraq mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.

İclasa yekun vuran rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev səsləndirilən təkliflər və mövcud problemlərlə bağlı rayonun müvafiq idarə, müəssisə və təşkilat rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib.

Sonda müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.