CƏMİYYƏT


Bu ilin doqquz ayında 1923 nəfər peşə hazırlığına cəlb olunub

Bakı, 5 noyabr, Süleyman Qaradağlı, AZƏRTAC

Mərkəzimiz on ildən artıqdır ki, fəaliyyət göstərir və burada 90 ixtisas öyrədilir. Bu ilin on ayı ərzində 61 ixtisas üzrə 1026 nəfər müxtəlif peşə sahələrinə cəlb edilib. İlin əvvəlindən etibarən peşə kurslarına cəlb olunanlardan 336 nəfəri öz ixtisaslarına uyğun işlə təmin olunub. Son vaxtlar daha çox tərcüməçi, kompüter dizayneri, elektrik qaynaqçısı, avtomobillərin təmiri üzrə çilingər, mebel quraşdırıcısı, plastik qapı-pəncərə ustası, vizajist, xalçaçı, aşpaz, bərbər, şirniyyatçı, tornaçı, mühasibat ixtisaslarına daha çox maraq var.

AZƏRTAC xəbər verir ki, bu sözləri kütləvi informasiya vasitələrinin nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhərindəki Regional Peşə Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olarkən mərkəzin direktoru Elnur Əliyev deyib.

Onun verdiyi məlumata görə, hazırda mərkəzdə 330 nəfər peşə təlimi üzrə hazırlıq kursundadır. Mərkəzdə Bakı və Sumqayıt şəhərləri, Abşeron, Şuşa və Zəngilan rayonları üzrə məşğulluq mərkəzləri tərəfindən peşə hazırlığına cəlb olunanlar üçün kurslar təşkil edilir. Hazırlıqlara cəlb olunanlar peşə təlimi müddətində aylıq təqaüd və nəqliyyat xərci ilə də təmin olunurlar.

Media nümayəndələrinin mərkəzin fəaliyyəti ilə tanışlığının məqsədi işsiz və işaxtaran vətəndaşların əmək bazarlarına inteqrasiyası üçün onların yeni peşələrə yiyələnməsinə şərait yaradılması istiqamətində aparılan işləri ictimaiyyətə çatdırmaq olub.

Rayon (şəhər) məşğulluq mərkəzlərində işsiz və işaxtaran kimi qeydiyyatdan alınanlar peşə və ixtisaslara malik olmadıqda, yaxud peşə vərdişlərinə uyğun gələn iş tapılmadıqda onların əmək bazarına çıxış imkanına yiyələnməsi üçün işəgötürənlərin mövcud tələblərinə uyğun peşələr üzrə hazırlıq və əlavə təhsil kursları təşkil edilir. Bu ilin doqquz ayında Dövlət Məşğulluq Xidmətinin xətti ilə 1923 nəfər peşə hazırlığına cəlb olunub. Kursları bitirənlərə peşə şəhadətnamələri verilir və yaşadıqları rayon (şəhər) məşğulluq mərkəzləri tərəfindən onların yeni qazandıqları peşələr üzrə məşğulluqlarının təmin edilməsi üçün müvafiq işlər görülür.

Peşə hazırlığı və əlavə təhsil kurslarının təşkilində xidmətin regional peşə tədris mərkəzləri əhəmiyyətli rol oynayır. Hazırda paytaxtla yanaşı, Naxçıvan və Göyçayda da belə mərkəzlər fəaliyyət göstərir.

Media nümayəndələri Bakı Regional Peşə Tədris Mərkəzində hazırlığın təşkili üçün şərait, sinif otaqları, emalatxanalar, peşə təlimi prosesi, mərkəzdəki yardımçı xidmət otaqları ilə yaxından tanış olub, müəllimlərlə və gənclərdən ibarət müdavimlərlə söhbət ediblər.

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb və peşə hazırlığının təşkili məsələləri ilə əlaqədar onlara ətraflı məlumatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.