REGİONLAR
Bu ilin doqquz ayında Yardımlıda bitkiçilik məhsullarının istehsalı artıb
Yardımlı, 14 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Təqdim edilmiş hesabatlara əsasən, Yardımlı rayonunda 1 oktyabr vəziyyətinə bu ilin məhsulu üçün 2019-cu ilin payızında 3447,0 hektar sahədə payızlıq taxıl bitkiləri əkilib. Bunun 3186,7 hektarı payızlıq buğda, 135,3 hektarı payızlıq arpa, 125 hektarı isə çovdar sahəsidir. Payızlıq bitkilərin 3249 hektarı əhali təsərrüfatları, 198 hektarı isə fermer, kiçik müəssisələr və kooperativ təsərrüfatları tərəfindən əkilib.
Bu barədə Yardımlı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.
Bildirilib ki, bu ilin yazında isə rayonda 1764,2 hektar sahədə yazlıq bitkiləri əkilib. Bunun 650 hektarı dənli və dənli-paxlalılar, 891,9 hektarı kartof, 31,5 hektarı tütün, 3 hektarı birillik ot sahəsi, 187,8 hektarı isə müxtəlif növ tərəvəz bitkiləridir.
Yazlıq bitkilərin əkinində rayonun Horavar, Avaş, Zevin, Şiləvəngə, Vərov ərazi nümayəndəlikləri, Tural fermer təsərrüfatı daha yaxşı nəticələr əldə ediblər.
Diqqətə çatdırılıb ki, rayonda əlavə taxıl istehsalına dair tədbirlər ardıcıl olaraq həyata keçirilir. Bu ilin doqquz ayında Yardımlıda 4097 hektar sahədən 88005 sentner taxıl, 891,9 hektar sahədən 82929 sentner kartof, 185,5 hektar sahədən 23256 sentner müxtəlif növ tərəvəz məhsulları, 31,5 hektar tütün sahəsindən 78,3 sentner quru tütün, 3 hektar birillik ot sahəsindən 60 sentner ot və 251 hektar sahədən 6964 sentner meyvə toplanıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda bitkiçilik məhsullarının istehsalında artım müşahidə olunub. Taxıl istehsalı üzrə 771 sentner, tərəvəz məhsulu üzrə 1004 sentner, quru tütün məhsulu üzrə 60 sentner, kartof məhsulu istehsalı üzrə isə 1488 sentner artım olub.