CƏMİYYƏT


Bu ilin doqquz ayında 173 tondan çox  narkotik tərkibli bitkilər yığılaraq məhv edilib

Bakı, 18 oktyabr, AZƏRTAC

Bu ilin doqquz ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən 2373 fakt aşkar edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan AZƏRTAC-a bildiriblər ki, onlardan 678-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma halları ilə bağlı olub. Bundan başqa, həmin faktlardan 1455-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını qanunsuz olaraq əldə etmə və saxlama, 196-sı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 44-ü isə digərləri təşkil edib. Aşkarlanan faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 25 kiloqram 434,074 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 12 min 670 çətənə kolu, 8 kiloqram 915,4 qram güclü təsir edən maddə, 58 kiloqram 162,7 qram zəhərli maddə müsadirə olunub.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 599 kiloqram 305 qramını marixuana (58,4 faiz), 173 kiloqram 714,044 qramını tiryək (16,9 faiz), 180 kiloqram 262,668 qramını heroin (17,5 faiz), 5 kiloqram 564,2 qramını həşiş (0,6 faiz), 1545 ədədini həb, o cümlədən 4 kiloqram 302 qramını psixotrop maddələr (0,1 faiz), 66 kiloqram 677,752 qramını (6,5 faiz) isə digərləri təşkil edib.

Cinayət məsuliyyətinə 1955 nəfər cəlb olunub ki, onlardan dördü 18 yaşadək, 154-ü 18-25, 281-i 26-29 yaşlarındadır. Məsuliyyətə cəlb olunan şəxslərdən 764-ü təkrar cinayət törətmiş şəxslər, habelə 1926-sı kişi, 29-u qadın, 36-sı xarici ölkə vətəndaşlarıdır. Onlardan ümumilikdə 112 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb.

Həmçinin Daxili İşlər Nazirliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların iştirakı ilə 448 hektar 36,86 sot ərazidən 173 ton 430 kiloqram 202 qram (370 min 760 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2016-cı il dekabrın 31-nə olan məlumatına əsasən, Mərkəzdə 29 min 448 nəfər qeydiyyatda olub. Onlardan 24 min 56 nəfəri dispanser, 5392 nəfəri profilaktik qeydiyyatda olanlardır. Həmin şəxslərdən beşi 18 yaşadək, 612-si qadın, 183-ü toksikoman, 20 min 576-sı (459 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. Ötən il 2142 nəfər yeni qeydiyyata götürülüb, 1249 nəfər isə qeydiyyatdan çıxarılıb.

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, cari ilin doqquz ayında Azərbaycanda İİV-ə yoluxması yeni aşkarlanan şəxslərin sayı 390 olub. Onlardan 385-i (97,7 faiz) Azərbaycan vətəndaşı, 5-i (2,3 faiz) isə əcnəbilərdir.

Ümumilikdə Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlandığı 1987-ci ildən bu il oktyabrın 1-dək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6575 nəfər qeydiyyata götürülüb. Onlardan 6364-ü (96,7 faiz) Azərbaycan vətəndaşı, 211-i (3,3 faiz) isə əcnəbidir. İİV-ə yoluxmuş insanların 4817-i (73,7 faiz) kişi, 1758-i (26,3 faiz) qadındır.

İİV-ə yoluxması təsdiq olunmuş 6575 nəfərdən 3029-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində olub, onlardan 2230 (74,2 faiz) nəfər dispanser qeydiyyatındadır. Cari il oktyabrın 1-dək ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4024 nəfər təşkil edib. Onların da 1760 nəfəri İNİ olub. Cari ilin doqquz ayında isə ART-yə cəlb olunan 486 pasiyentdən 106-sında İNİ aşkarlanıb.

Bu ilin müvafiq dövründə Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 19 min 601 nəfər keçib. Onlardan 1090-ı narkotik vasitələrin istifadəsinə görə müayinə olunub və 586 istifadəçi aşkarlanaraq müvafiq qeydiyyata götürülüb. Eyni zamanda, Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin edilib və 1563 nəfər ekspertizadan keçirilib. Onlardan 943-nə narkomaniyadan məcburi müalicə təyin edilib. Mülki işlə bağlı narkoloji tibbi müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar şəxslərin ümumi sayı 27 nəfərdir. Onlardan isə 12 nəfərinin müalicəsi hazırda davam etdirilir.

Həmçinin doqquz ay ərzində 2582 nəfər stasionar müalicəyə qəbul olunub. Həmin şəxslərdən 939 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 1454-ü “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F11) diaqnozu ilə müalicəyə qəbul edilənlərdir. Eyni zamanda, metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 216 xəstə müalicə alır. Onlardan 167-si Respublika Narkoloji Mərkəzində, 49 nəfər isə QİÇS-lə Mübarizə Mərkəzindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.