İQTİSADİYYAT
Bu ilin dörd ayında Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi 2,77 dəfə artıb
Bakı, 23 iyun, AZƏRTAC
Ötən il Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi 31,3 faiz, bu ilin yanvar-aprel aylarında 2,77 dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya"nın 6-cı iclasında Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir Azərbaycan və Rumıniya diplomatik münasibətlərinin qurulmasından 30 il ötdüyünü, ötən dövrdə Azərbaycan-Rumıniya əlaqələrinin daim inkişaf edərək bu gün strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb. Nazir 2019-cu ildə imzalanmış Strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamənin, 2011-ci ildə imzalanmış Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının, həmçinin ötən illərdə imzalanmış 61 əməkdaşlıq sənədinin əlaqələrin getdikcə genişlənməsində xüsusi rolunu diqqətə çatdırıb.
Ölkəmizdə əldə olunan sosial-iqtisadi nailiyyətləri qeyd edən S.Babayev Azərbaycanda Rumıniya və Rumıniyada Azərbaycan şirkətlərinin uğurlu fəaliyyətindən bəhs edib.