CƏMİYYƏT
Bu ilin dörd ayında əlillər 8669 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin ediliblər
Bakı, 8 may, AZƏRTAC
Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi əlilləri 8669 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə ehtiyaclarına uyğun olaraq onlar 358 ədəd aşağı və yuxarı ətraf, həmçinin döş protezi, 441 ədəd yuxarı və aşağı ətraf ortezi, 2382 ədəd müxtəlif reabilitasiya vasitəsi, 138 ədəd bel və boyun nahiyəsi üçün korset, 229 cüt protez ayaqqabı, 1242 cüt ortopedik ayaqqabı ilə təmin olunublar. Həmin təbəqədən olanlara 362 ədəd dördayaqlı dayaq vasitəsi, 486 cüt dirsəkaltı ağac, 866 ədəd əsa və s. də verilib.
İlin dörd ayında tibbi göstərişi olanlar 353 ədəd əlil arabası ilə təmin olunublar.
Əlilliyi olanların müraciətləri əsasında onlara məxsus 207 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat isə təmir edilərək yenidən onların istifadəsinə verilib.
İlin əvvəlindən bəri həmin müəssisələr tərəfindən ümumilikdə 3258 nəfər əlilə, o cümlədən 450 nəfər Qarabağ müharibəsi əlilinə xidmət göstərilib. Onlardan 204 nəfəri stasionar şəraitdə reabilitasiya xidmətləri ilə təmin ediliblər.