İQTİSADİYYAT


Bu ilin fevralında illik inflyasiya 14,1 faiz təşkil edib

Bu ilin fevralında illik inflyasiya 14,1 faiz təşkil edib

Bakı, 29 mart, AZƏRTAC

Bu ilin fevralında illik inflyasiya 14,1 faiz təşkil edib ki, bu da son bir ildə müşahidə edilən pik səviyyə (2022-ci ilin sentyabrında 15,6 faiz) ilə müqayisədə 1,5 faiz bəndi azdır.

Azərbaycan Mərkəzi Bankından AZƏRTAC-a bildirilib ki, ticarət tərəfdaşımız olan ölkələrdə inflyasiyanın tədricən azalması davam edir. Bu proses qlobal iqtisadi aktivliyin faktiki və gözlənilən azalması, əksər ölkələrdə pul siyasətinin sərtləşdirilməsi, dünya əmtəə qiymətlərinin sabitləşməsi, hətta bəzi kateqoriyalar üzrə aşağı düşməsinin təsiri fonunda baş verir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünya ərzaq qiymətləri indeksi 2023-cü ilin fevralında 0,6 faiz azalma ilə 2022-ci ilin mart ayında çatdığı pik səviyyədən 18,7 faiz bəndi aşağı düşüb, illik əsasda 8,1 faiz azalıb. Beləliklə, ötən ilin aprelindən başlayaraq artıq 11 ay ardıcıl dünya ərzaq qiymətləri aşağı düşməkdədir. Bütün bunlar ölkə daxilində inflyasiyanın faktiki və gözlənilən dinamikasına müəyyən zaman intervalı ilə təsir göstərir. Eyni zamanda, tədiyə balansının cari əməliyyatlar hesabının profisiti qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici xərc amillərini neytrallaşdırır.

2022-ci ildəki 8,4 faizlik möhkəmlənmənin ardınca 2023-cü ilin ilk 2 ayında manatın nominal effektiv məzənnəsi 2,2 faiz möhkəmlənib. Mərkəzi Bank tərəfindən monetar şəraitin adekvat tənzimlənməsi də inflyasiyanın daxili tələb amillərini məhdudlaşdırır. Qeyd olunan amillərin təsiri altında 2023-cü ilin fevralında illik inflyasiya 14,1 faiz təşkil edib ki, bu da son bir ildə müşahidə edilən pik səviyyə (2022-ci ilin sentyabrında 15,6 faiz) ilə müqayisədə 1,5 faiz bəndi azdır. Lakin daxili bazarda inflyasiyanın pikdən azalma dinamikasını müşahidə etsək də, tələb-təklif amillərinin gözlənilən dəyişimi və iqtisadi subyektlərin davranışları ilə bağlı qeyri-müəyyənliklər qalmaqdadır. Stimullaşdırıcı fiskal siyasət və ölkənin xarici valyuta daxilolmalarının artması şəraitində məcmu tələb genişlənir və qeyri-neft sektorunda iqtisadi artım yüksək olaraq qalır. Cari ilin əvvəlindən reallaşdırılan 4-cü sosial islahat paketi və kredit aktivliyinin davam etməsi məcmu tələbin əsas komponenti olan istehlakı dəstəkləyir. Banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit portfelinin illik artımı bir qədər səngisə də, yüksək olaraq qalır və cari ilin fevralında 15,7 faiz təşkil edib. İlin əvvəlindən bəri qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən bəzi xidmətlərin (məhsulların) qiymətlərinin dəyişdirilməsi ilə bağlı qəbul edilmiş qərar inflyasiya gözləntilərinə təsir edə bilər. Qeyd olunanlar proqnozlaşdırılan inflyasiyanın qəbul edilmiş hədəfi hələ də üstələməsinə təsir edir. Baza ssenari üzrə ehtimala əsasən, 2023-cü ildə illik inflyasiyanın 8 faiz ətrafında olacağı proqnozu dəyişməz qalır.

Qeyd edilib ki, inflyasiyanın daxili və xarici mühitində müşahidə olunan risklərə reaksiya olaraq Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini davam etdirir. Pul təklifinin effektiv tənzimlənməsi və bank sistemində likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması məqsədilə məcburi ehtiyat normalarına dair qəbul edilmiş qərara uyğun olaraq 2023-cü ilin fevral ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun saxlamağa başlayıblar. Mart ayında bankların manatla saxlamalı olduğu məcburi ehtiyatların məbləği yanvar ayı ilə müqayisədə 371 milyon manat (57 faiz) artıb. Sterilizasiya əməliyyatlarının effektivliyini yüksəltmək üçün Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 1 günlük depozit daimi imkan alətləri üzrə kvota fevralın 27-dən artırılıb. Eyni zamanda, Mərkəzi Bank tərəfindən 7 günlük REPO əməliyyatlarının keçirilməsinə başlanılıb. Qeyd olunan qərarlar monetar şərait vasitəsilə inflyasiyanın tələb amillərinin tənzimlənməsinə imkan verir.

Pul siyasətinə dair növbəti qərarlar inflyasiyanın dinamikası, proqnozun hədəfdən yayınma səviyyəsi və risklərin qalıcılığından asılı olaraq veriləcək. Mərkəzi Bankın həyata keçirdiyi əməliyyatların və əvvəlki qərarların nəticələri monitorinq edilərək siyasət qərarlarının qəbulunda nəzərə alınacaq. Məcmu tələbin və istehlak aktivliyinin izafi genişlənməsini məhdudlaşdırmaqla inflyasiya təzyiqlərini azaltmaq məqsədilə Mərkəzi Bank sərəncamındakı bütün alətlərdən və mexanizmlərdən adekvat istifadə edəcək. İnflyasiyanın azalacağı ilə bağlı proqnozlar özünü doğruldarsa pul siyasətinin normallaşdırılması, daha sonra isə transmissiyanın zaman intervalı nəzərə alınmaqla yumşaldılması imkanlarına baxılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.