DÜNYA
Bu ilin ikinci rübündə ABŞ iqtisadiyyatında 0,6 faiz azalma qeydə alınıb
Vaşinqton, 29 avqust, AZƏRTAC
Cari ilin aprel-iyun aylarında ABŞ iqtisadiyyatında 0,6 faiz azalma qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Co Bayden administrasiyasının nümayəndəsi bunu ilkin proqnozlar yeniləşdiriləndən sonra bəyan edib.
Birləşmiş Ştatlarda iqtisadi tənəzzül ardıcıl olaraq iki rübdür ki, davam edir. Bu, qeyri-rəsmi resessiya əlamətidir. Lakin ekspertlərin əksəriyyəti bildirir ki, iqtisadiyyat resessiya vəziyyətində deyil, çünki əmək bazarında sabitlik, işə qəbul yüksək səviyyədə, işsizlik aşağı səviyyədədir, müxtəlif sektorlarda minlərlə vakansiya var. Lakin inflyasiya son 40 ildə ən yüksək səviyyədədir, bu isə istehlakçılara və müəssisələrə zərər vurur. Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini kəskin şəkildə artırmaq hesabına inflyasiyanı cilovlamaq üçün aqressiv cəhdləri isə resessiya ehtimalını artırır.
Ticarət Nazirliyinin yeni hesablamalarında müəyyən edilib ki, ölkənin ümumi daxili məhsulu, yəni iqtisadi istehsalın ən geniş göstəricisi keçən rübdə 0,6 faiz azalıb. Bu, yanvar-mart aylarında 1,6 faizə bərabər olmuş tənəzzül ilə müqayisədə azdır. Hökumət aprel-iyun ayları üçün əvvəlki qiymətləndirmədə hesablamışdır ki, iqtisadiyyat 0,9 faiz azalıb. ABŞ iqtisadi aktivliyin təqribən 70 faizini təşkil edən istehlak xərcləri keçən rübdə 1,5 faiz artıb. Müqayisə üçün xatırladaq ki, yanvar-mart aylarında bu xərclər 1,8 faiz artmışdı. Biznesə investisiyalar və dövlət xərcləri azalıb. Lakin əmək bazarında vəziyyət sabit qalır. İşəgötürənlər hər ay orta hesabla 470 min iş yeri açır, işsizlik isə 3,5 faizə düşüb. Bu, son 50 ildə minimum göstəricidir.
AZƏRTAC –ın Vaşinqton bürosu