İQTİSADİYYAT
Bu ilin ilk ayında ümumi daxili məhsul istehsalı 2,0 faiz artıb
Bakı, 16 fevral, AZƏRTAC
Bu ilin ilk ayında ölkədə ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,0 faiz artaraq 6049,5 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, yanvar ayında iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 3,9 faiz artıb, neft sektorunda isə 0,5 faiz azalıb. ÜDM istehsalının 48,4 faizi sənayedə, 9,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,5 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,0 faizi tikintidə, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrində, 15,8 faizi digər sahələrdə istehsal olunub, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,0 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 618,5 manata bərabər olub.