CƏMİYYƏT


Bu ilin ilk kvartalında Xəzər dənizinin səviyyəsi əvvəlki illə müqayisədə aşağı olacaq

Bakı, 21 yanvar, AZƏRTAC

Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələr labüddür. Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni dənizi qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır. Dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir. Bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axımında da azalma müşahidə edilir. Volqa çayının orta çoxillik axım norması 146 kubkilometrdir. Ötən ilin birinci yarısı çayın mənsəbində illik axım 114 kubkilometr təşkil edib ki, bu da orta çoxillik normadan əhəmiyyətli dərəcədə azdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib.

Şöbə müdirinin sözlərinə görə, ötən əsr Xəzərin ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Sonradan qısa dövrdə, yəni 1977-1995-ci illər ərzində səviyyə 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. 2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmə baş verir. Ötən il dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alınıb ki, bu da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir.

R.Səttarzadə bildirib ki, dəniz səviyyəsinin dinamikası barədə müddətli proqnoz vermək mümkün deyil. Çünki bugünədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb: "Onu deyim ki, Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsi tərəfindən beş Xəzəryanı ölkənin birgə məlumatları əsasında dəniz səviyyəsinin dəyişməsi barədə yarımillik ssenarilər hazırlanır. Ən son ssenariyə əsasən Xəzər dənizinin səviyyəsi 2020-ci ilin ilk kvartalında əvvəlki illə müqayisədə aşağı olacaq.

Hazırda Xəzər dənizinin səviyyəsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur. Lakin azalma bu qayda ilə uzun müddət davam edərsə, bəzi təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edə bilər. Dəniz səviyyəsi üzərində Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə məntəqələrində müntəzəm müşahidələr aparılır və fəaliyyətləri dənizlə bağlı olan qurumlara dənizin səviyyəsi barədə məlumatlar verilir ki, işlərində və planlaşdırılan layihələrdə nəzərə alsınlar".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.