DÜNYA


Bu ilin ilk yarısında dünyada 10,8 milyon nəfər öz ölkəsi daxilində məcburi köçkünə çevrilib

Cenevrə, 12 sentyabr, AZƏRTAC

Bu ilin ilk yarısında dünyanın müxtəlif ölkələrində məcburi köçkünlərin sayı on milyon nəfərdən çox olub.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Ölkədaxili Yerdəyişməyə Nəzarət Mərkəzi yayıb. Mərkəzin direktoru Aleksandra Bilak bildirib ki, 10,8 milyon ölkədaxili köçkünün 3,8 milyonu silahlı münaqişələr, 7 milyonu isə təbii fəlakətlər nəticəsində öz yaşayış yerlərini tərk etməli olub. Statistik məlumatlar göstərir ki, beynəlxalq ictimaiyyət münaqişələrin və qeyri-bərabərliyin səbəblərini aradan qaldıra bilmir və insanların torpaqlarından qovulması dövri böhran əlamətlərini özündə ehtiva edir.

Cenevrədə yerləşən mərkəzin məlumatına əsasən, cari ilin ilk yarısında ölkədaxili köçkünlərin 3,8 milyon nəfəri Afrika və Yaxın Şərqdə münaqişə və güc tətbiqi nəticəsində öz ev-eşiyini tərk etməyə məcbur olub. Suriya, Yəmən, Əfqanıstan və Liviyada sülhün bərqərar olmaması və ya atəşkəsin mütəmadi pozulması ölkədaxili qaçqınların sayının artımını gücləndirib.

Silahlı münaqişələrlə yanaşı, təbii fəlakətlər də insanların öz yaşayış yerlərini tərk etməsinə səbəb olub. Bu ilin ilk yarım ili ərzində Hindistan və Banqladeşdə “Fani” qasırğası, Mozambik, Malavi, Zimbabve və Madaqaskarda “İdai” siklonu, eləcə də Efiopiya, Filippin və Boliviyada daşqınlar ümumilikdə yeddi milyon insanı öz ev-eşiyindən didərgin salıb.

İndiyədək olan trendi və təbii fəlakətlərin adətən ilin ikinci yarısında baş verməsi ehtimalını nəzərə alaraq, beynəlxalq mərkəz il ərzində daxili köçkünlərin sayının 22 milyona çata biləcəyi barədə xəbərdarlıq edib.

1998-ci ildə təsis olunmuş Ölkədaxili Yerdəyişməyə Nəzarət Mərkəzi ölkədaxili məcburi köçkünlərlə bağlı məlumatların toplanması və analizi üzrə ixtisaslaşıb. Mərkəz Norveç Qaçqınlar Şurasının tərkibinə daxildir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.