ELM VƏ TƏHSİL
Bu ilin məzunları üçün ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilmişdir VİDEO
Bakı, 12 iyul (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 12-də 2014-2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirmişdir.
İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda təşkil olunmuşdur.
İmtahan saat 11.00-da başlanmış və saat 14.00-da başa çatmışdır.
İmtahana nəzarətçi-müəllimlər nəzarət etmişlər.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizasına başlanılmışdır. İyulun 12-də saat 16.00-da “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcəkdir.
İmtahanda istifadə olunmuş sualların düzgün cavabları, eyni zamanda, TQDK-nın internet saytında və “Facebook” səhifəsində yerləşdiriləcəkdir.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcəkdir.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək aparılacaqdır.
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olunmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra avqustun 8-dən 13-dək elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.