CƏMİYYƏT
Bu ilin ötən dövründə 97 Azərbaycan vətəndaşı minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib
Bakı, 2 dekabr, AZƏRTAC
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid məlumat bazasının yaradılması və onların problemlərinin öyrənilərək həll olunması sahəsində mütəmadi fəaliyyətini davam etdirir.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, təşkilat tərəfindən rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin noyabrında yeddi hadisə nəticəsində doqquz nəfərin mina qurbanı olması qeydə alınıb. Nəticədə bir mülki şəxs həlak olub. Biri mina təmizləyən, biri sərhədçi, ikisi Daxili Qoşunların hərbi qulluqçusu və dördü mülki şəxs olmaqla səkkiz nəfər yaralanıb. Bu ilin noyabrında altı hadisəyə piyadalar əleyhinə, bir hadisəyə isə tank əleyhinə minalar səbəb olub. Hesabat dövründə minalarla bağlı hadisələr Cəbrayıl, Ağdam, Goranboy, Laçın, Füzuli və Zəngilan rayonlarının ərazisində baş verib.
Bu ilin ötən dövründə 97 Azərbaycan vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi İctimai Birlik tərəfindən qeydə alınıb.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi bir daha əhaliyə müraciət edərək işğaldan azad olunmuş ərazilərə səfər etməməyi, partlamamış hərbi sursatlara toxunmamağı xahiş edir.