REGİONLAR
Bu ilin ötən dövründə İlisu kəndindəki “Sumuq qala” abidəsini 2100-dən çox turist ziyarət edib
Qax, 23 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunda orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələrindən biri də İlisu kəndinin ərazisində yerləşən “Sumuq qala”dır. İnşa tarixi XVIII əsrə aid edilən bu müdafiə qülləsi sümük kimi möhkəm olduğu üçün yerli əhali tərəfindən belə adlandırılır. Yerli ləhcədə “sümük” sözü “sumuq” kimi tələffüz olunur. Qala rayona gələn yerli və xarici turistlər üçün də böyük maraq doğurur.
İlisu Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Azər Qocayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2019-cu ilin ötən dövrü ərzində “Sumuq qala”nı 2100-dən çox yerli və xarici turist ziyarət edib. Onlardan 1460 nəfəri yerli və 240 nəfəri xarici turist, 400 nəfəri isə ekskursiyaya gələn məktəblilər olub. Əcnəbi turistlər arasında Rusiya, Türkiyə, Avropa ölkələri, həmçinin ərəb ölkələrindən gələnlər üstünlük təşkil edib.
Direktor bildirib ki, hazırda qoruğun ərazisində mühafizəyə götürülən 50 tarixi-memarlıq və mədəniyyət abidəsi var. Bu abidələrdən 13-ü dövlət qeydiyyatına alınıb. Onlardan ikisi – inşa tarixi XVII-XVIII əsrlərə aid edilən “Sumuq qala” və “Ulu məscid” ölkə əhəmiyyətli tarixi-memarlıq abidələridir.
“Sumuq qala”nın inşa tarixi İlisu sultanlığının inkişaf etdiyi, çiçəkləndiyi dövrə təsadüf edir. İlk vaxtlar sırf müdafiə qurğusu olan bu qüllə sonralar yaşayış üçün də istifadə olunub. İri ölçülü pəncərələr də bunu sübut edir. Qafqaz müharibələri dövründə belə müdafiə qüllələri yerli əhalinin düşmənə müqavimət göstərməsində mühüm rol oynayırdı.
Uzun illər təbii proseslərin, qarın, yağışın təsirindən qalanın bişmiş kərpicdən tikilmiş axırıncı mərtəbəsi və dam örtüyü uçub tökülmüş, aşağı hissəsi dağlardan axıb gələn sel sularının gətirdiyi qum-çınqılla, torpaqla dolmuşdu. 2006-cı ildə “Sumuq qala”da dövlət vəsaiti hesabına əsaslı bərpa işlərinə başlanılıb. Bərpa zamanı qalanın torpaq altında qalan hissəsi təmizlənib, sel-suların zərər vurmaması üçün qüllənin yanında suötürücü kanal tikilib, qalaya aparan yola daş örtük döşənib.
Abidədə bərpa işləri aparıldıqdan sonra burada yerli əhalidən könüllü şəkildə toplanmış qədim əşyalar və sənətkarlıq nümunələri əsasında muzey yaradılıb. Hazırda muzeydə 300-ə yaxın eksponat nümayiş etdirilir. Muzeydəki çörək bişirmək üçün istifadə olunan təndir maketi, sənətkar tərəfindən hazırlanmış əsa, qədim xalça qalığı, köhnə sandıq, çörək təhnəsi, mis qablar və digər eksponatlar gələnlərin marağına səbəb olur.