CƏMİYYƏT
Bu ilin səkkiz ayı ərzində milli parkları 74 min 217 turist ziyarət edib
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycanda 10 milli park fəaliyyət göstərir. Əgər əvvəllər milli parkları 3-4 min turist ziyarət edirdisə, bu ilin səkkiz ayı ərzində həmin ərazilərə 74 min 217 turist səfər edib. Turistlərdən 66 min 931-i yerli, 7286 nəfəri isə xaricidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə "Azərbaycanın Milli parklarında ekoturizm fəaliyyəti" mövzusunda keçirilən dəyirmi masada deyib.
"Ümumiyyətlə, milli parklar turizm potensialına malik ərazilərdir və ölkənin tanıdılmasında mühüm rola malikdir. Milli parklarımızın potensial imkanları olsa da, ziyarət edən turistlərin sayı o qədər də qənaətbəxş deyil. Məqsədimiz milli parklara daha çox turist cəlb etmək üçün hansı işlərin görülməsini müəyyənləşdirməkdir. Milli parkların inkişafı üçün ölkə üzrə milli proqram hazırlanacaq və burada səslənən fikir və iradlar nəzərə alınacaq", - deyə H.Əlizadə qeyd edib.