CƏMİYYƏT
Bu ilin üç ayında polis veteranları 771 cinayətin açılmasında iştirak ediblər
Bakı, 17 aprel, AZƏRTAC
İctimai asayişin mühafizəsi, cinayətkarlığın profilaktikası, cinayət hadisələrinin qarşısının alınması və açılmasında ərazi polis orqanlarının veteranlar şuralarının üzvləri öz layiqli töhfələrini verirlər. Gənc əməkdaşların peşə vərdişlərinin artırılmasında, onlarda dövlətə, anda, xidməti vəzifə borcuna sədaqət hisslərinin formalaşdırılmasında, nizam-intizama və qanunçuluğa ciddi əməl edilməsi sahəsində ağsaqqal həmkarların rolu danılmazdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Veteranlar Şurası 2018-ci ilin birinci rübündə də bir sıra səmərəli tədbirlər həyata keçirib. Veteranlar vaxtaşırı görülən işlər barədə hesabat verirlər.
Gənc nəslin təlim-tərbiyəsində, milli ruhda formalaşmasında fəal iştirak edən polis veteranları cari ilin üç ayında respublika üzrə təhsil müəssisələrində, həmçinin əhali ilə 1200-dən çox görüş keçiriblər.
Yerli polis şöbələrinin rəhbərliyi və aidiyyəti xidmətlərin əməkdaşları ilə birgə keçirilən belə görüşlərdə yeniyetmə və gənclər arasında narkotik əleyhinə təbliğatın güclənməsi, dini radikalizmə qarşı mübarizə, azyaşlılar arasında erkən nikah hallarının qarşısının alınması məqsədilə hüquqi mövzularda maarifləndirmə işləri aparılıb, dəyərli tövsiyələr verilib.
Cinayət törətmiş şəxslər polis veteranlarının köməyi ilə tutularaq istintaqa verilib, baş verə biləcək hüquqazidd əməllərin qarşısı alınıb. Belə ki, 2018-ci ilin üç ayında polis veteranları 771 cinayətin açılmasında iştirak ediblər.
Daxili İşlər Nazirliyinin Veteranlar Şurası qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində tədbirlərini davam etdirir və veteranlar onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Onların səmərəli fəaliyyəti öz layiqli qiymətini alır.