REGİONLAR
Bu ilin yeddi ayında Şahbuz rayonunda 1552 ədəd sığorta müqaviləsi bağlanılıb
Şahbuz, 10 avqust, AZƏRTAC
Bu ilin yeddi ayında Şahbuz rayonunda 1552 ədəd sığorta müqaviləsi bağlanılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fakt rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələr barədə keçirilən tədbirdə səsləndirilib.
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev tədbirdə çıxış edərək sığorta fəaliyyətinin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək, sığorta fəaliyyətinin muxtar respublikanın sosial-iqtisadi inkişafındakı rolundan söz açıb. Baş direktor vurğulayıb ki, muxtar respublikada sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə genişləndirilməsində 2011-ci il noyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirənin xüsusi əhəmiyyəti var. Bildirilib ki, sığorta münasibətlərinin tənzimlənməsi və müasir tələblərə uyğun təkmilləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir.
Hikmət Əsgərov deyib ki, sığorta müxtəlif gözlənilməz hadisələr nəticəsində dəymiş maddi zərərlərin əvəzinin ödənilməsinə xidmət edir. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, vətəndaşlar vaxtında öz daşınmaz əmlakını, avtonəqliyyat vasitələrini, mülki məsuliyyətini icbari qaydada sığortalamaqla baş verən gözlənilməz hadisələrdən dəymiş maddi zərərlərin ödənilməsinə təminat alırlar.
Tədbirdə rayonda daşınmaz əmlakın, həmçinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortaları, ev əmlakı, fərdi qəza sığortaları və digər sığorta növləri üzrə mövcud vəziyyət də təhlil olunub. Qeyd edilib ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən icbari qaydada sığorta edilməli olan hər bir obyektin sığortası təmin olunmalıdır.
Könüllü sığortaların, o cümlədən kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunularaq bildirilib ki, Şahbuz rayonunda bu sahədə fermer və torpaq mülkiyyətçiləri, kənd təsərrüfatı texnikaları sahibləri ilə aparılan maarifləndirmə işləri genişləndirilməlidir. Bütün bu sığorta növlərinin inkişafı, son nəticədə, vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Sonra Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Razim Vəliyev, Şahbuz Rayon Polis Şöbəsinin Təşkilat-inspeksiya, uçot-qeydiyyat və statistika işləri üzrə qrupun baş inspektoru, polis baş leytenantı Əhməd Məmmədov görülən işlər barədə danışıblar.
Tədbirdə aidiyyəti orqanlara sığorta işinin genişləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.