REGİONLAR


Bu məktəbdə bir sinfin 19 məzunundan 18-i ali məktəbə daxil olmaq hüququ qazanıb FOTO

İsmayıllı, 10 sentyabr, AZƏRTAC

İsmayıllıda Natiq Behbudov adına 6 nömrəli tam orta məktəbin “11b” sinfini bitirən 19 şagirddən 18-i yüksək bal toplayaraq ali məktəbə daxil olmaq hüququ qazanıb. Onlar ixtisas seçimində iştirak edəcəklər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “11b” sinfini bitirən 19 şagirddən yalnız bir nəfəri qəbul imtahanında iştirak etməyib. Qəbul olunanlardan 3 nəfəri 600-dən, dörd nəfəri isə 500-dən yuxarı bal toplayıb.

Onbirincilərin sinif rəhbəri Yaqut Mehdiyeva məzunların bu uğuruna sevindiyini bildirərək deyib: “11b” sinfində uşaqlar çox məsuliyyətli, tələbkar idilər. Bu isə qəbul imtahanlarında öz nəticəsini verdi. İndi sevinirik, həqiqətən böyük uğurdur. Biz müəllimlər sinfə çox məsuliyyətlə girirdik. Dərsə hazırlaşarkən uşaqlar sanki bir-biri ilə yarışırdılar. Onlayn dərslərdə də fəal və intizamlı olublar”.

Altı yüzdən çox bal toplayan Ayşən Mütəlova isə bu uğurda qayğıkeş valideynlərinin və diqqətcil müəllimlərinin rolunun böyük olduğunu vurğulayıb: “Onlara çox-çox minnətdaram. Bir də ki, insan gərək öz məqsədi üçün çalışsın, inadkar olsun. Valideynlərimin yaratdıqları şərait, müəllimlərimin yönləndirdiyi istiqamət mənə həmişə ruh yüksəkliyi, həvəs verib. Onlayn dərslərdə də ruhdan düşmədim, ciddi hazırlaşdım. Çalışdım, oxudum və arzuma çatdım. Mənim sinif yoldaşlarım Seymur və Rəşad da 600-dən çox bal toplayıblar. İnşallah bu uğurun ardı gələr”.

Qeyd edək ki, 6 nömrəli tam orta məktəb İsmayıllıda nümunəvi təhsil ocaqlarındandır. İnişil məktəbin məzunu olan Vasif Əsədov qəbul imtahanlarında 700 bal toplamışdı. Son üç ildə 3 nəfər Prezident təqaüdçüsü olub. Bu il ümumilikdə, məktəbi 39 nəfər bitirib. Onlardan 26 nəfəri ali məktəbə qəbul üçün sənəd verib və hamısı müsabiqə şərtlərini ödəyib.

6 nömrəli tam orta məktəbin uğurları, demək olar ki, yararsız vəziyyətdə olan tədris binasında qazanılır. Hazırda məktəb üçün müasir tələblərə cavab verən yeni bina inşa olunur. Tədrisin təzə binada yüksək səviyyədə təşkili üçün bütün şərait olacaq. Gələn il istifadəyə verilməsi nəzərdə tutulan yeni binada 6 nömrəli tam orta məktəbi daha böyük uğurlar gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.