REGİONLAR
Bu mövsüm İmişlidə 9 ton barama istehsalı nəzərdə tutulub
İmişli, 29 yanvar, Mahir Babayev, AZƏRTAC
İmişlidə baramaçılığın əvvəlki şöhrətinin qaytarılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ötən il 7 tondan çox barama istehsal edən rayon kümçüləri cari ildə məhsul istehsalını daha da artırmaq üçün indidən hazırlıq işlərinə başlayıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, İmişlidə baramaçılığın inkişafına xüsusi diqqət yetirilir. Son 5 ildə rayonun ayrı-ayrı yaşayış məntəqələrində Çin Xalq Respublikasından gətirilmiş 65 min ədəd tut tingi əkilib, ipəkqurdu bəslənməsi üçün yeni-yeni tikililər inşa olunaraq ipəkçilərin ixtiyarına verilir və digər işlər görülür. Həyata keçirilən tədbirlər isə rayonda barama istehsalının ilbəil artmasına səbəb olur. Ötən il rayonda 131 ailə ilə müqavilə bağlanaraq, onlara ödənişsiz ipəkqurdu toxumu paylanılıb və 7 ton 728 kiloqram məhsul istehsal olunub.
İstehsal olunan baramadan yaxşı qazanc götürən kümçülər cari ildə məhsul istehsalını daha da artırmağı nəzərdə tutublar və hazırda bu istiqamətdə işlər görülür. Bu məqsədlə barama bəsləmək istəyən kümçülərin indidən qeydiyyatı aparılır və onlarla mütəmadi olaraq görüşlər keçirilir, ipəkqurdu saxlanacaq tikililərə baxış keçirilir, çatışmazlıqlar aradan qaldırılır. Bu isə kümçülərin sayının getdikcə artmasına səbəb olur. Artıq rayonda ipəkqurdu bəsləmək istəyən 113 kümçü ailə ilə müqavilə bağlanılıb.
Qeyd edək ki, aprel ayından barama istehsal etmək istəyən ailələrə ipəkqurdu toxumunun paylanmasına başlanılacaq.