REGİONLAR
Bu mövsüm Sabirabadda 56 ailə ipəkqurdu bəsləyir
Sabirabad, 10 may, Mahir Babayev, AZƏRTAC
Prezident İlham Əliyevin respublikada baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Sabirabadda uğurla həyata keçirilir.
Rayon Kənd Təsərrüfat İdarəsindən AZƏRTAC-a bildiriblər ki, ötən il rayonda 3 ton 75 kiloqram barama istehsal olunub. Cari mövsümdə isə 5 ton barama istehsal etmək nəzərdə tutulub və bunun üçün 100 qutu (1900 qram) inkubasiya olunan ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanılıb.
Dövlətin bu sahənin inkişafı üçün göstərdiyi qayğı və hər kiloqram məhsul üçün verdiyi əlavə subsidiyalar rayonda bu sektora olan marağı artırıb. Ötən il rayon üzrə 22 ailə barama istehsalı ilə məşğul olmuşdusa, bu mövsüm 56 kümçü ilə müqavilə bağlanılıb və onlara ödənişsiz olaraq ipəkqurdu toxumu paylanılıb.
Qeyd edək ki, rayonda ipəkqurdunun yem bazasının möhkəmləndirilməsi üçün ötən il 62 min tut tingi gətirilərək ayrı-ayrı yaşayış məntəqələrində əkilib.