REGİONLAR
Bu turistlər otel və kirayə evlərə pul xərcləmir VİDEO
Xaçmaz, 9 avqust, Elxan Yusifli, AZƏRTAC
Avqust ayında havanın isti keçməsi Nabran istirahət zonasına gələn turistlərin sayını xeyli artırıb. Çimərlikdə və təbiət qoynunda dincələnlər əsasən otel və yerli sakinlərə məxsus fərdi evlərdə qalmağa üstünlük verirlər. Amma son illər çadırlarda gecələyən turistlərin sayı da kifayət qədər çoxalıb. İndi şimal bölgəsinin istənilən turizm zonasında çadır quraraq dincələn turistlərə rast gəlmək olar.
Artıq 5 ildir yay fəslində çadırda qalaraq müxtəlif yerlərdə istirahət edən Nəcəfovlar ailəsi bu dəfə Nabran istirahət zonasını seçib. Ailə başçısı Pənah Nəcəfov AZƏRTAC-a müsahibəsində bildirib ki, çadırda dincəlmək çox ucuz başa gəlir: “Biz hər hansı istirahət guşəsinə gedəndə ənənəvi olaraq çadırdan istifadə edirik. Olduqca sərfəlidir. Məsələn bir həftə oteldə və kirayə evdə qalsaq, ən azı 200 manat ödəməliyik. Çadırda qaldıqda isə bu vəsaiti digər işlərimizə sərf edirik.”
Çadırda qalmağın daha bir üstünlüyü isə dincələcəyin yeri sərbəst seçə bilmək imkanının olmasıdır. Otel və ya evdə gecələyən zaman mütləq geri qayıtmalısansa, çadırla gəzintiyə çıxanda bu, problem deyil. İstənilən yerdə çadırı qurub gecələmək mümkündür. Bu zaman yalnız təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır. Turistlər vəhşi heyvanların hücumuna məruz qalmamaq üçün əsasən yaşayış məntəqələrinə yaxın yerlərdə məskən salırlar.
Çadırdan istifadə edən turistlərin ən çox xoşuna gələn bir məqam da meşələrdə və ya dağların ətəyində gecələməkdir. Bu turizm növünə ekstrim sevən insanlar daha çox üstünlük verirlər.