İQTİSADİYYAT


Bu vaxtadək “Şahdəniz”dən 140 milyard kubmetr təbii qaz çıxarılıb

Bakı, 29 aprel, AZƏRTAC

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından bu vaxtadək 32 milyon tondan çox kondensat əldə edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb. Bildirilir ki, “Şahdəniz”dən ilk hasilat başlandığı dövrdən indiyədək yataqdan 140 milyard kubmetr təbii qaz hasil olunub.

Qeyd edək ki, bu ilin birinci rübündə “Şahdəniz” yatağından - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə 5,1 milyard standart kubmetr qaz və təqribən 1 milyon ton (7,8 milyon barel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 58 milyon standart kubmetr və ya ildə təqribən 21 milyard kubmetrdən çoxdur.

Yanvar-mart aylarında “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qazın çatdırılması davam edib.

Üç ayda “Şahdəniz” üzrə fəaliyyətlərə 688 milyon dollar əməliyyat və 181 milyon dollardan çox əsaslı xərclər sərf edilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.

“Şahdəniz”də iştirak payları belədir: BP (operator) 28,8 faiz, “AzŞD” 10 faiz, “SGC Upstream” 6,7 faiz, “Petronas” 15,5 faiz, “LUKoil” 10 faiz, “NICO” 10 faiz və “TPAO” 19 faiz.

Xatırladaq ki, ötən il dekabrın 31-də “Şahdəniz” yatağından ilk dəfə olaraq Avropaya Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə kommersiya qaz nəqli başlanıb. CQD “Şahdəniz” yatağından başlayır və “Şahdəniz”dən Avropa bazarlarına qaz nəqlinin başlanması Azərbaycandan Avropaya uzanan 3500 kilometr uzunluğunda CQD qaz dəyər zəncirinin tam inteqrasiya olunduğunu bildirir. Bu mühüm nailiyyət nəticəsində “Şahdəniz” Avropanın enerji bazarını şaxələndirəcək və onun enerji təhlükəsizliyini gücləndirəcək yeni enerji təchizatı mənbəyinə çevrilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.