CƏMİYYƏT


Bu yay 12 nəfər günvurma səbəbindən Təcili Yardıma müraciət edib

Bakı, 28 iyun, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev istivurma və günvurma arasındakı fərqlər, günvurma vəziyyətində ilkin tibbi yardım, günvurma səbəbindən müraciət edənlərin sayı barədə müsahibə verib. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Zakir müəllim, istivurma ilə günvurma arasındakı fərqi açıqlayardınız...

- İstivurma uzun müddət xarici mühitdə qalma nəticəsində bütün bədənin həddindən artıq istiləşməsindən yaranan vəziyyətdir. Bu zaman orqanizmin ümumi isinməsi, bədən hərarətinin yüksəlməsi və nəticədə vacib funksiyalarının pozulmasına səbəb olur.

İstivurmanın bir növü olan günvurma birbaşa günəş şüalarının düşməsi nəticəsində beyin damarlarının artan temperaturun təsirindən genişlənməsi ilə yaranır.

İstivurma günvurmaya nisbətən daha tez baş verir. İstivurma üçün günəş əsas şərt deyil, hava buraxmayan isti paltarda fasiləsiz işləmək, isti havada uzunmüddətli və yaxud bir neçə saat havasız, pis ventilyasiya olan yerdə keçirmək kifayət edir.

- Günvurmanın əlamətləri və ilkin tibbi yardıma nələr daxildir?

Gün vurmanın əsas əlamətləri – üzün qızarması, şiddətli baş ağrısı, başgicəllənmə, gözlərin qaralması, ürəkbulanma, qusma, burundan qanın axması və görmə qabiliyyətinin pozulmasıdır.

Xəsarət alan şəxsi dərhal təmiz havaya, kölgəyə, sərin və normal ventilyasiya olan yerə çıxartmaq, paltarının yaxasını açmaq və başı azca qaldırılmış vəziyyətdə kürəyi üstə uzatmaq lazımdır.

Başının üstünə soyuq kompres (yaş sarğı) qoymaq, bədənini yaş parçaya bükmək və yaxud soyuq su vurmaq (çiləmək), çoxlu sərin su vermək məsləhətdir.

Tənəffüs pozulduğu halda olaraq pambığı naşatır spirti ilə isladıb, bir neçə dəfə ehtiyatla xəsarət alanın burnuna yaxınlaşdırmaq lazımdır.

Əgər xəsarət alan insan özündən gedib, nəfəsi dayanıb, nəbzini əl ilə yoxlayıb tapmaq olmur və ətrafda həkim yoxdursa, bu halda davamlı süni nəfəsvermə və ürəyin qapalı masajı etmək tövsiyə olunur.

- Yay aylarında günvurmadan əziyyət çəkənlərin sayı ilə bağlı məlumat verərdiniz...

- Nəzərə alaq ki, yay mövsümi başlayandan hələ ki anomal isti hava şəraiti qeydə alınmayıb. Amma mövsüm başlayandan etibarən Bakı şəhər Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasına bununla bağlı bir neçə müraciət daxil olub. Belə ki, 12 nəfər günvurmadan əziyyət çəkərək Təcili Yardıma müraciət edib. Onlardan 10-na xəstəxanada, 2 nəfərə isə yerindəcə yardım göstərilib.

- Bildiyiniz kimi, uşaqlar günün istənilən vaxtında gəzintiyə həvəslidirlər. Bunu nəzərə alaraq, yay aylarında istivurmadan qaçmaq mümkündürmü?

- Uşağı birbaşa günəş şüalarına məruz qalmasından qorumaq məqsədilə ilk növbədə onun başını və ya bədənini panama və ya dəsmal ilə örtmək lazımdır. Ondan başqa, istivurmanın qarşısını almaq üçün çimərlikdə üzmək ilə qum vannasının qəbulunu növbə ilə etmək məsləhət görülür.

Körpənin rasionuna, xüsusilə də gündüz saatlarında və günəş şüası qəbulunu planlaşdırıldığı zaman, meyvə-tərəvəz məhsulları daxil olmalı, yağlı qidalar və ət məhsulları məhdudlaşdırılmalıdır. Qazsız içkilər və şəkərsiz kompotlara üstünlük verilməsi tövsiyə olunur.

Bu profilaktik tədbirlərə riayət edilərsə, istivurma təhlükəsi körpələrdən yan keçəcək.

- İsti günlərdə açıq havada işləyərkən nələrə diqqət yetirmək lazımdır?

- Açıq havada, xüsusilə isti yay günlərində günəşin altında olmağınız səhər 10-na kimi və axşam 6-dan sonra tövsiyə olunur. Zərurət yarandığı halda çölə çıxarkən günəş kremi məhsullarından istifadə nəticəsində dərini günəş ləkələrinin yaranmasından xilas edə bilərik.

Baş nahiyəsini günəşdən qorumaq üçün gün eynəkləri, qoruyucu papaqlar və çətirlərdən istifadə edilməlidir. Yüngül yumşaq materiallardan hazırlanan paltarı geyinmək məsləhətdir. Həmçinin çox maye qəbul etməsi məsləhətdir, xüsusən təmiz, sərin suyu.

Onu da nəzərə almaq lazımdır ki, çox isti havada həddindən artıq idman etmək insan səhhəti üçün təhlükəli ola bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.