Bu yaz 730 mindən çox ağac əkilib
AzerTAg.az
Bakı, 23 may, AZƏRTAC
Bu ilin yaz əkin mövsümündə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ölkənin meşə və qeyri-meşə fondu ərazilərində ümumilikdə 730 mindən çox müxtəlifcinsli ağac əkilib, 6 min 400 kiloqram toxum səpilib.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.
O qeyd edib ki, eyni zamanda, vətəndaşlara, icra hakimiyyətlərinə, dövlət və özəl təşkilatlara nazirliyin tinglik sahələrində yetişdirilən 60 mindən çox müxtəlifcinsli ağac tingi paylanılıb: “Yaz ağac əkini çərçivəsində keçirilən ağacəkmə tədbirləri ilk gündən ictimaiyyət tərəfindən geniş maraq və böyük coşqu ilə qarşılanıb. Həmin tədbirlərdə dövlət qurumları, özəl şirkətlər, könüllülər, media və ictimaiyyət nümayəndələri xüsusi fəallıq göstəriblər”.
S.Məmmədova yaz ağac əkininin uğurla həyata keçirilməsinə, yaşıllıqların genişləndirilməsinə verdikləri töhfəyə görə bütün tərəfdaşlara dərin minnətdarlığını bildirib, payız ağacəkmə aksiyalarında da ictimaiyyətdən, tərəfdaşlardan və könüllülərdən eyni fəallıqla dəstək gözlədiyini diqqətə çatdırıb.
Nazirlik rəsmisi onu da vurğulayıb ki, yaz əkin mövsümündə əkilən ağaclar xüsusi diqqət və qulluq tələb edir: “Buna görə də, vətəndaşlarımızdan paylanmış ağac tinglərinin bitiş faizinin yüksək olması və düzgün inkişaf etməsi üçün onlara xüsusi qayğı ilə yanaşmalarını xahiş edirik.







Xəbərin mətnində orfoqrafik səhv var