DÜNYA


Budapeşt Mərkəzi Avropanın ən ucuz şəhəridir

Bakı, 4 oktyabr, AZƏRTAC

İsveçrənin “UBS” bankı dünyanın 77 iri şəhərində qiymətlərin və maaşların müqayisəsi olan məlumat bazası yaradıb. Bu məlumatdan istifadə edən “index.hu” portalı Budapeştlə qonşu və Qərbi Avropanın iri şəhərlərini müqayisə edib.

AZƏRTAC xəbər verir ki, portalın gəldiyi nəticəyə görə, Macarıstanda orta əməkhaqqının səviyyəsi aşağı olsa da, qiymətlər daha münasibdir. Məsələn, ən yeni “iPhoneX” telefonu almaq üçün Sürixdə 4,7 gün, Budapeştdə isə 49,9 gün işləmək lazımdır.

Bundan başqa, “index.hu” yeddi peşə - aşpaz, tibb bacısı, həkim-terapevt, avtobus sürücüsü, satıcı və ibtidai sinif müəlliminə böyük ehtiyac olduğunu aşkar edib və onların əməkhaqqının müqayisəsini aparıb. “USB”-nin məlumatına görə, bu peşə sahiblərinin maaşları Bratislava, Praqa və Buxarestdəki həmkarları ilə yaxın səviyyədədir. Macarıstanda tibb bacısının maaşı İrlandiyada eyni peşə sahibinin əməkhaqqından 5,7 dəfə, Londondan isə 4,4 dəfə azdır. İldə 13 780 dollar qazanan budapeştli həkim-terapevt isə Londondakı və Berlindəki həmkarından müvafiq olaraq 8,5 və 10 dəfə az maaş alır.

Əlbəttə, unutmaq olmaz ki, Qərbi Avropa ölkələrində qiymətlər Budapeştdən daha yüksəkdir. İndi Macarıstan paytaxtı Mərkəzi Avropanın şəhərləri arasında nəqliyyat və digər xidmətlər üzrə qiymətlərinin ən aşağı olduğu şəhərdir. Amma ərzaq baxımından Budapeşt qonşu şəhərlərdən daha bahalıdır. Belə ki, burada üçnəfərlik ailənin aylıq qidalanma xərcləri 305 dollar, Varşavada 255 dollar, Buxarestdə isə 214 dollar təşkil edir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.